Paraşütlə tullanmaq istəyənlər nələri bilməlidirlər?


Digərləri 10 Mar 2019 22:15:00 284 0

Paraşütlə tullanmaq istəyənlər nələri bilməlidirlər?

Fuad Tağıyev: "Çiyində çıxma, təzyiqlə bağlı problemi yoxdursa, arzulayan hər kəs paraşütlə tullanış edə bilər" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Paraşütlən tullanmaqla bağlı videoları izləyəndə, şəkillərə baxanda çox adamda bu idman növünə maraq yaranır. Peşəkar şəkildə idman növü kimi məşğul olanlar başqa, amma bu marağı həvəskar olaraq da reallaşdırmaq mümkündür. Bəs istəyən hər kəs paraşütlə tullanış edə bilərmi? Ümumiyyətlə, paraşütlə tullanmaq istəyənlər nələri bilməlidirlər?

Həmsöhbətimiz, həvəskar olaraq paraşütlən tullanma ilə məşğul olan Fuad Tağıyevdir. Tağıyev deyir ki, paraşütlə tullanmaq fikrinə düşübsünüzsə, ilk olaraq sağlamlığınıza diqqət yetirməlisiniz: "Təzyiq normal olmalı, bir də çiyin hissəsində travma olmamalıdır. Təzyiq problemi yaşayırsınızsa, çiyində hər hansı problem varsa, tullanış etməyə icazə verilməyəcək. Əgər qol nahiyəsində uşaqlıdan qalma hər hansı travma varsa, paraşüt açılanda, çiyin zədələnə bilir. Bu da paraşütü yerə endirməkdə çətinlik çəkməyə gətirib çıxarır. Yəni çiyində çıxma, təzyiqlə bağlı problem yoxdursa, arzulayan hər kəs paraşütlə tullanış edə bilər".

Müsahibimiz bildirdi ki, sağlamlıqla bağlı problem yoxdursa, tullanış etməyə hazırlaşırsınızsa, bütün prosesləri izah edirlər: "Tullanış edilən "drop zona" adlanan yerə gəldiyinizdə hər bir şeyi izah edirlər. 4-5 saat nəzəri hissə öyrədilir. Paraşüt, onun hissələri, əsas və köməkçi paraşütün açılması ilə bağlı məsələlər çatdırılır. Sonra ekstra hallarda nə kimi tədbirlərin görülməsi ilə bağlı məlumat verilir. Nəzəri hissə bitəndən sonra tandem tullanışı həyat keçirilir. Bu tullanışda tək olmursan, təlimçi səni özünə bağlayır, bu cür tullanış edirsən. Daha sonra professional şəkildə bu idman növünə keçid etmək və tək tullanış etmək istəyirsinizsə AFF adlanan sertifikat almalısınız. AFF sertifikatın əldə etdikdə siz havada rahat şəkildə uçmağı, dönmə əməliyyatlarını, yaxınlaşma və uzaqlaşma, balansı pozduqdan sonra yenidən balansa qayıtma bacarıqlarına yiyələnəcəksiniz. 7 mərhələdən ibarət olan bu təlimin hər mərhələsində tullanış etdikdə, səmada təlimçilərə imtahan vermiş olursunuz və növbəti mərhələyə keçib-keçməməyinizi onlar müəyyən edir. Bitirdikdən sonra sərbəst şəkildə özünüz solo tullanış edə biləcəksiniz".


Xəbərə aid foto