Ehtiyatlı olun, Cənubi Qafqazın "stajlı" oğruları Azərbaycana ayaq açıblar


Digərləri 07 Mar 2019 20:14:00 278 0

Ehtiyatlı olun, Cənubi Qafqazın "stajlı" oğruları Azərbaycana ayaq açıblar

Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları martın 6-da bir qrup gürcü "stajlı" ev oğrusunu yaxalayıb.

Son.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Binəqədi RPİ-dən məlumat verilib. 

Keçirilən əməliyyat nəticəsində Gürcüstan vətəndaşları - 40 yaşlı Laşa Abramişvili, 45 yaşlı Şimagi Qaprindaşvili, 50 yaşlı Ramazi Matçaraşvili və Ağdam rayonunun 31 yaşlı sakini Vüsal Məhərrəmov saxlanılıb. Sözügedən ev oğrularının izinə fevralın 28-də Binəqədi rayonunda baş verən mənzil qarətinin araşdırılması zamanı düşmək mümkün olub.

Məlum olub ki, 42 yaşlı Novruzov Rəfsan Zeynalabidin oğlunun mənzilindən 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğrular zərərçəkmişin mənzilinə günorta saatlarında, Novruzov evdə olmadığı vaxt daxil olublar. Lakin saxlanılan şəxslər törətdikləri cinayəti dərhal boyunlarına almayıblar. İstintaq-əməliyyat qrupu onlara qarşı dəlil əldə edib. Şübhəli şəxslər yaşayış binasının girişinə quraşdırılmış videomüşahidə kamerasına düşüblər. Saxlanılan şəxslərdən oğurlanmış zinət əşyaları götürülüb.

İstintaq ehtimal edir ki, Novruzovun mənzili saxlanılan şəxslərin girdiyi yeganə ev deyil. Hazırda onlar "qastrola gələn qonaqlar"ın Azərbaycan ərazisində nə qədər vaxt olduqlarını araşdırır.