Meyvə istehsalında mövcud potensialdan tam istifadə edilməsi nəzərdə tutulur


Digərləri 07 Mar 2019 18:37:00 182 0

Meyvə istehsalında mövcud potensialdan tam istifadə edilməsi nəzərdə tutulur

Kənd Təsərrüfatı Nazirliyində "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı" layihəsinin ictimai müzakirəsi keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, ictimai müzakirədə nazirlik təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: "Cənab Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Bu proqram çox vacib sənədlərdən biridir. Proqramın əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır. Bildiyiniz kimi, meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqlim şəraiti daha çox məhsuldarlıq üçün münbit şərait yaradır. Meyvəçilik ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əmək tutumlu önəmli bir sahədir. Müasir dünyada intensiv bağçılıqdan geniş istifadə olunur. Biz də minimum ərazilərdə maksimum məhsuldarlıq əldə etməyə çalışmalıyıq. Bu sahədə fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var. Aqrar sahəyə daimi dövlət dəstəyi var. Dövlət Proqramında meyvə istehsalı sahəsində mövcud potensialdan tam istifadə edilməsi nəzərdə tutulur".

Nazir qeyd edib ki, Dövlət Proqramı layihəsində meyvəçiliyin regionlar üzrə ixtisaslaşması, meyvə emalı müəssisələrinin yaradılması, meyvə qurusu istehsalı sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müvafiq tədbirlər nəzərdə tutulub.


Xəbərə aid fotolar