Bu ilin aprelində ABŞ-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək


Digərləri 07 Mar 2019 09:13:00 164 0

Bu ilin aprelində ABŞ-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək

ABŞ-ın Yuta ştatının rəsmi radio kanalında ABŞ-Azərbaycan tərəfdaşlığı müzakirə olunub

Bakı. Yuta ştatında səfərdə olan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ştatın qubernatorunun ofisinin iqtisadi inkişaf departamentinin beynəlxalq ticarət və diplomatiya üzrə regional direktoru Frans Kolb ilə qubernatorun ofisinin radiosunun “Business Elevated” verilişinin növbəti yayımında çıxış edib. Qeyd etmək lazımdır ki, səfir E.Süleymanov sözügedən verilişdə çıxış edən ilk xarici ölkə səfiri olub. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, dəvətə görə minnətdarlığını bildirən səfir əsrarəngiz təbiəti, mehriban insanları ilə fərqlənən ştatın həm də müxtəlifliyinin, zəngin mədəniyyətinin və mətbəxinin diqqət çəkməsini vurğulayıb. Səfir çoxmillətli tələbə auditoriyasına malik Yuta Universitetində Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı faciəsi barəsində mühazirə ilə çıxış etdiyini bildirib, burada təhsil alan tələbələrin açıq fikirli olmasının məhz Yutanın yaratdığı şəraitdən qaynaqlanmasını qeyd edib. F.Kolb Azərbaycanın ABŞ-ın vacib strateji tərəfdaş olmasına toxunaraq, hər iki ölkənin 1995-ci ildə “ən sərfəli rejim” statusuna dair qanun layihəsi imzalamasını qeyd edib. F.Kolbun Azərbaycanla ABŞ arasında cari siyasi və ticarət əlaqələrinin durumu barədə sualını cavablandıran səfir E.Süleymanov ölkəmizin həqiqətən də sadiq strateji tərəfdaş olduğunu təsdiqləyərək, həmçinin regionda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu xatırladıb. Azərbaycan Dövlət Neft Fondunun ABŞ-da böyük həcmdə investisiya yatırdığını, həmçinin ABŞ-ın ölkəmizdə müxtəlif sahələrə, o cümlədən enerji, kənd təsərrüfatı sahələrinə yatırımlar etdiyini bildirib. Səfir aprel ayında İllinoys ştatında ABŞ-Azərbaycan Kənd Təsərrüfatı Forumunun keçiriləcəyini bildirib.