Mətbuat Şurasında iclas


Digərləri 06 Mar 2019 17:19:00 246 0

Mətbuat Şurasında iclas

Martın 5-də Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. 

Son.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundovanın "criminal.az" saytına qarşı şikayətini araşdıran komissiya üzvləri bildiriblər ki, Mətbuat Şurası KİV-də yayımlanmış materiallar üzrə şikayətləri, eyni məsələnin məhkəmə müstəvisinə çıxmasına qədər olan mərhələdə qəbul edir. Hazırda şikayət doğuran məsələ məhkəmə araşdırması mərhələsində olduğu üçün baxılmamış saxlanılır. 

İsmayıllı rayon sakini Ürbabə Mahmudovanın  "a news.az" xəbər portalına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, sayt əməkdaşları şikayət doğuran materialı hazırlayarkən, geniş araşdırma aparıb, tənqidi ruhlu məqaləni sənədlərlə isbatlamağa çalışıblar. Bununla yanaşı, materialda adları epizodik olaraq keçən şəxslər də var ki, onlar əsas hədəf, tənqid obyekti deyillər. Məqalədən şikayət verən Ürbabə Mahmudova da orada adı epizodik keçən şəxslərdən biridir. Komissiya üzvləri yaranmış anlaşmazlığın aradan qaldırılması üçün tövsiyə ediblər ki, xəbər portalı Mahmudovaya izahedici fikirlərini yayımlamaq üçün şərait yaratsın.  

Bakı şəhəri Suraxanı rayonu 275 saylı orta məktəbin bir qrup əməkdaşının "deryaz.az" saytına qarşı şikayətini araşdırarkən müəyyən edilib ki, xəbər saytı şikayət doğuran materialı konkret müraciətlər əsasında hazırlayıb. Eyni zamanda, Peşə Davranış Qaydalarının balans prinsipini qorumağa çalışıb, qarşı tərəfin də mövqeyini öyrənib. Şikayətçilərə və sayt təmsilçilərinə dərc olunmuş materialdan kənar mübahisələrini hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq aydınlaşdırsınlar.