UNEC-in gənc müəllimləri and içib


Digərləri 05 Mar 2019 17:58:47 245 0

UNEC-in gənc müəllimləri and içib

UNEC-də işə qəbul edilən gənc müəllimlərin ənənəvi andiçmə mərasimi keçirilib.

Bakı. Ölkə başçısının təsdiqlədiyi dövlət proqramlarında gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırması, cəmiyyətdə layiqli yer tutması prioritet istiqamətlərdən biri kimi müəyyən olunur. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu istiqamətdə dövlət siyasətinə dəstək məqsədilə uğurlu layihələr həyata keçirilir, gənclərin işə qəbulu ilə bağlı məqsədyönlü addımlar atılır. Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-də işə qəbul edilən gənc müəllimlərin ənənəvi andiçmə mərasimi keçirilib. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə və universitetin qocaman professorları da iştirak edib. Rektor Ədalət Muradov gənc müəllimlərin innovativ və kreativlik baxımından bir addım öndə olduqlarına diqqət çəkərək, onları universitetin hədəflərini təmin edə biləcək aparıcı qüvvəsi adlandırıb. Universitetlərin əsas missiyasının müasir bilikli insan kapitalı yetişdirmək və cəmiyyətə xidmət etmək olduğunu vurğulayan rektor, UNEC-də təhsilin keyfiyyətini artırmaqla, elmi tədqiqatların həcmini dərinləşdirməklə və müasir müəllim-tələbə mühiti formalaşdırmaqla dünya universiteti meyarlarına uyğun ali təhsil müəssisəsi qurmağı hədəflədiyini bildirib. Gənc müəllimlərin andiçmə mərasiminin ikinci dəfə keçirildiyini vurğulayan Ə.Muradov son 5 ildə UNEC-də 450-dən çox gəncin işə qəbul olunduğunu qeyd edib. Rektor UNEC-in Gənc Müəllimlər Şurasının fəaliyyətdən və “Gənc Professorlar” layihəsindən də söz açıb. Sonda gənc müəllimlərə fəaliyyətlərində uğurlar arzulayan Ə.Muradov, onlara qocaman professorların təcrübələrindən yararlanmağı tövsiyə edib.