“Həkimlər aylıq 150170 min alırdı”


Digərləri 02 Mar 2019 20:58:00 315 0

“Həkimlər aylıq 150170 min alırdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin məhkəməsi keçirilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə təqsirləndirilən Fərman Məmmədli ifadə verərək özünü təqsirli bilmədiyini deyib. O deyib ki, bütün işçilər rəsmi maaşdan əlavə paket alıblar: "Mərkəzi Gömrük Hospitalı komitənin Tibbi Xidmət İdarəsinin nəzdində idi. Hospitalda da xəstələrə verilən yeməyin çeşidinə qədər idarənin rəisi F.Qədiməliyev müəyyənləşdirirdi. İstərsə idarədə, istərsə də hospitalda süpürgəçidən tutmuş, idarə rəisinə qədər hamı rəsmi maaşdan əlavə, paket də alırdı. Həkimlər vardı ki, aylıq aldığı pul 150-170 minə çıxırdı. Plastik cərrrah 120-130 min alırdı".

Müavin F.Məmmədli bildirib ki, bütün işlərə rəisi F.Qədiməliyev nəzarət edib: "İttihamda yazılıb ki, 15 milyonluq mənimsəmə olub. Orada Fikrət müəllimin icazəsi olmadan bir stol bu otaqdan başqa otağa keçirilə bilməzdi, qalmışdı pul mənimsəmək olsun. Orada sistem elə qurulmuşdu ki, kimsə gəlib desə ki, mən pul yemişəm, inanmaram, çünki mümkün deyildi. Fikrət müəllim hər şeyə nəzarət edirdi. Hospital maliyyə baxımından iki hissəyə bölünürdü, büdcədən maliyyələşən hissə və təsərrüfat hesablı hissə. Orada ikili mühasibatlıq vardı, gündəlik daxil olan bütün vəsaitlər, xəstələr sistemdə qeydiyyata alınırdı, ertəsi gün səhər Fikrət müəllim şəxsən müqayisə aparır, nə qədər rəsmiləşdirilməlidir, nə qədər yox - buna qərar verirdi. Həkimlərin işə qəbulu da razılaşma əsasında olurdu. Eləsi var, 50/50-yə, eləsi var, 40/60 faizlə işləyirdi. Şərtlər razılaşdırılıb yazılırdı, Fikrət müəllim imza atırdı, amma o sənədlər rəsmi sənədlər olmurdu. Elə həkimlər vardı ki, həm faiz alırdılar, həm də əlavə paket.

Həkimlər çox böyük pullar alırdılar, maaşda bir manatları səhv çıxan kimi, aləmi bir-birinə qatırdılar".