Şirkətinin məhsulu "Amazon"da bestseller olan azərbaycanlı FOTO


Digərləri 01 Mar 2019 23:36:00 336 0

Şirkətinin məhsulu "Amazon"da bestseller olan azərbaycanlı  FOTO

Samir Kazımov: "Özümün yaza biləcəyim bir tarix olmasını istəyirdim" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Məhsulumuzu satışa qoymaq üçün Amerikada yaxınlaşdığım ilk marketdə dedilər ki, türk fındığı satırıq, yaxşı da gedir, əlavə məhsula ehtiyacımız yoxdur. Türk məhsulunun 100-dən çox çeşidi var idi, mən isə cəmi iki növ təqdim edirdim. Dedim ki, mən hər çeşiddən 10 dənə bura qoyum, bir həftəyə satılsa, yenisini sifariş verin. Satılmasa, o iyirmi paket sizə hədiyyədir. Dedilər ki, yerimiz yoxdur. Dedim ki, tərəvəz olan hissədə yer var. Dedi ki, orada satılmayacaq. Dedim ki, qoyaq ora, bir həftə qalsın, sizdən nə gedir ki? Birtəhər razılaşdılar. Səhəri gün isə gedib supermarketin qarşısında durdum, içəri girənə fındıq paketinin şəklini göstərib altı dollar verirdim ki, ordan bir fındıq paketi al. İki günə hamısını eləcə aldım. Marketdən zəng vurub dedilər ki, sənin fındıqların dəhşət satılır, yenə gətir. Aparanda dedi ki, bunu tərəvəzlərin içinə qoymayaq, yaxşı yerdə yerləşdirək. Nəzərəçarpacaq yerə qoyduqdan sonra isə məhsul avtomatik satılmağa başladı". Bu sözləri bizimlə söhbətində ABŞ-ın Mayami şəhərində "Aznut" şirkətini yaradan azərbaycanlı iş adamı Samir Kazımov söylədi.   O ABŞ-da iş qurmağa bir az gec, 35 yaşında başlayıb. Azərbaycanda yaxşı karyerası olsa da, bu yaşda ABŞ-da sıfırdan başlamaqdan çəkinməyib. İşə ilk başladığı dövrlərdə hər şey çətin olub. Lakin zəhmətinin bəhrəsi özünü çox da gözlətməyib, "Aznut" şirkətinin məhsulu bir aydan çoxdur ki, dünyanın ən böyük satış platforması olan "Amazon"da fındıq məhsulları arasında "Ən çox satılanlar" kateqoriyasında birincidir.   - Şirkətinizin məhsulunun öz sahəsində "Amazon"da "ən çox satılanlar" siyahısında birinci olması sizi gündəmə gətirdi. İlk olaraq sizi tanıyaq...

- 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt Dövlət Universitetində iqtisadiyyat fakültəsini bitirmişəm. Azərbaycanda çalışdığım müddətdə əsas fəaliyyət sahəm sığorta sektoru olub. Axırıncı iş yerimdə satış departamentinin direktoru idim. Yəni, bu müddət ərzində satışla bağlı təcrübə toplamışdım. Əslidə, satış sahəsində olan adam üçün nə satdığının çox da fərqi yoxdur. Həyat sığortası da sata bilərsən, hansısa bir maşını da. Amma onu deyim ki, ən çətini həyat sığortasıdır. Çünki mücərrəd məhsuldur, insanlar əlləri ilə toxunub keyfiyyəti yoxlaya bilmirlər.

- Yaşlı adamların dili ilə desək, burda yaxşı işiniz-gücünüz olub. Bəs Amerikaya getmək fikri haradan yarandı?

- Amerika əvvəldən mənə maraqlı gəlirdi. Amma bu fikrə gəlməyimə təkan verən hadisə oldu. Amerikanın 100 illik tarixi olan "Limra" şirkəti hər il hər ölkədən 40 yaşından aşağı öz fəaliyyətində innovasiya edən bir şəxsi seçir. 2016-cı ildə Azərbaycandan o şirkət məni seçmişdi. Amerikadan həmin mükafatı almağı bir siqnal kimi qəbul edirdim. O vaxt çalışdığım sığorta şirkətinin idarə heyətinin sədri Mürsəl Rüstəmov idi. O da söhbət zamanı bunun elə-belə olmadığını, bir siqnal ola biləcəyini dedi. 2017-ci ilin əvvəlində qərara aldım ki, kəşfiyyat xarakterli də olsa, bir Amerika bazarına gedim və getdim. Orda 2 gün araşdırma etdim və qərar verdim ki, burda qalmalıyam. Düşən kimi gördüyüm ab-hava məni qalmağa sövq etdi. Aktiv mühitdir, hər gün daha yeni bir şeylər ortaya çıxır.   - Amma "burda qalacam" deməklə də olmur.

- İşə başlamaq üçün viza məsələsi həll etməliydim. "Extraordinary" vizası haqqında internetdə oxudum. Orda belədir ki, öz ölkəndə azı 10 il iş təcrübən olmalı, xarici ölkələrdən işlədiyin sahələr üzrə sənə kifayət qədər tövsiyə məktubu verilməlidir. Ən azı, sənin dünya səviyyəsində tanınmış mükafatların olmalıdır. Və bu vizanı öz sahəsində daha fərqli qabiliyyətləri olan adamlara verirlər. Sadə dildə deyim, məsələn, idman sahəsində uzağa tullanmada hər kəs 3 metrə tullanırsa, sən 3,5 metrə tullanmalısan ki, o vizanı alasan. Biznesdə isə daha yaxşı bir ideyan olmalıdır. Biznes planım isə Azərbaycandan ABŞ-a orqanik məhsullar aparmaq idi. Onlar üçün isə bu faktor önəmlidir. Vizamı təsdiqlədilər. Bu, "greencard" almaq üçün ən qısa yoldur. Bu yolla birbaşa 10 illik "greencard" ala bilirsən. Bu vizanın ən böyük üstünlüyü odur ki, sizə müəyyən bir vaxt verirlər. O vaxta qədər müəyyən nəticə göstərməlisən. Məndə bu zaman kəsiyi 6 ay idi. Danışıqlarla başladım, 2017-ci ilin sentyabr ayında şirkəti yaratdım.   - İlk olaraq nə qədər məhsulla başladınız?

- Bununla bağlı maraqlı bir məqamı danışım. Deməli, ilk dəfə biz 4 ton fındıq sifariş verdik. Amerikada olan türkiyəli rəqiblər gömrükdə məni görəndə dedilər ki, bunu yəqin yemək üçün gətirərsən (Gülür). Həcm olaraq bu, çox gülünc məbləğ idi. Onlar 100-150 ton məhsul gətirirdilər.

- Amerika bazarına fındıq ixracı fikri haradan yarandı?

- Mən fındığı çox sevirəm, tək Novruz bayramında deyil, həmişə alıb yeyirdim. Amerikaya sadəcə, bazarı araşdırmaq üçün getdiyimdə mağazadan fındıq almaq istədim. Satışda amerikan və türk fındıqları var idi. Dedim az-çox türk fındığı yemişəm, qoy amerikan fındığının dadına baxım. Satıcı dedi ki, bu, bizim ən yaxşı fındığımızdır. Dadına baxanda görürəm ki, heç buna fındıq demək olmaz. Satıcı dedi ki, türklərin fındığı daha çox satılır. Ondan da Zaqatala fındığının dadını ala bilmədim. Onda məndə belə bir fikir yarandı ki, ölkəmizdən xaricə ixrac olunan məhsullar içərisində birinci yerdə fındıq dayanır. Onu bura gətirsək və işi düzgün formatda qursaq, yaxşı nəticə əldə etmək olar.   - Qablaşdırmanın dizaynı Azərbaycanla bağlıdır. Amerika bazarına bu cür dizaynla daxil olmaq çətin olmadı?

- Dizaynla bağlı 4 marketinq şirkəti ilə görüşdüm. Azərbaycan, Bakının əksi olan formatda dizayn istədiyimi bildirdim. Dedilər ki, bu, işləməyəcək, çünki Azərbaycanı tanıyan yoxdur. Amerika, Avropa, bəd ayaqda Türkiyə ilə bağlı dizayn olmasını təklif etdilər, razılaşmadım. Fikirləşdim ki, biz öz məhsulumuzu satmaqla yanaşı, həm də ölkəmizin tanıdılması cəhətdən bir iş görməliyik. Şirkətlər razılaşmasa da, biz bunu özümüz hazırlatdıq. Sonra qablaşdırmanı götürüb şəhərdə hardasa 50 nəfərə yaxınlaşıb fikrini öyrəndik. Sual verdik ki, bu paketə necə baxırsınız? Hamının verdiyi birinci sual o oldu ki, bura haradır? Məlumat verdik və bildik ki, düz yoldayıq.    - Uğur əldə etməyinizin bir səbəbinin də özünüzü təsdiq etmək üçün zamanınızın məhdud olmasını deyə bilərik?

- Bu gün ən böyük problem insanların komfort zonalarından çıxmaq istəməməkləridir. Normal iş, bəlli maaş, ipoteka ilə ev, normal bir maşın və s-ləri olan insanlar sonradan nəyəsə başlamaq istəmirlər. Deyirlər ki, birdən alınmaz. Amma komfort zonadan çıxıb özünü o divarın bir küncünə sıxanda bir immunitetlər çıxır ki, deyirsən ki, bu necə oldu? Demək, mən gündə 20 saat da işləyə, ağır yük də götürə bilərəm. Əvvəllər deyirdim ki, belim ağrıyır, bunu qaldıra bilmərəm. Hardasa 8 ay tək işləmişəm, hər işin dalınca özüm gedirdim.

- Tək hər işi çatdırmaq olurdu?   - Səhər saat 5-də oyanıb anbara gedirdim. Saat 10-a kimi qablaşdırma işini həll edirdim. İlk vaxtlar hələ bu, daha çətin üsulla idi. Deməli, qablaşdırma zamanı paketlərin ağzını bağlamaq üçün aparat var. O, 2300 dollar idi. Pul olmadığı üçün onu ala bilmədim. Yutubda araşdırdım, gördüm ki, ütü ilə də qutunun ağzını bağlamaq olur. İki ay ütüdən istifadə etdim. Rejimə qayıtsaq, saat 9-10-dan sonra çıxıb mağazaları gəzirdim, mallarımızı yerbəyer edirdim. Saat 3-dən sonra qayıdırdım və digər işlərlə məşğul olurdum.   - Amerikada şirkət də çoxdur, məhsul da. Bazarda necə yer tuta bildiniz?


Xəbərə aid fotolar