Birinci qrup əlillərə nə qədər pul ödəniləcək?


Digərləri 01 Mar 2019 15:39:00 341 0

Birinci qrup əlillərə nə qədər pul ödəniləcək?

Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli sərəncamı 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a verilən məlumata görə, onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır.

Sərəncama əsasən, bu kateqoriyaya aid vətəndaşlardan I qrup əlilliyi olan şəxslərə ödənilən sosial müavinətin məbləği 83 faiz artırılaraq 82 manatdan 150 manata, onlar üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği isə 37 faiz artırılaraq 73 manatdan 100 manata çatdırılır.

Həmçinin sərəncam I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü kimi 50 manat məbləğində təqaüdün təsis edilməsini nəzərdə tutur.