İtaliya parlamentində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)


Digərləri 27 Fev 2019 13:43:00 246 0

İtaliya parlamentində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İtaliya parlamentinin deputatlar palatasının “Lupa” zalında italyan jurnalist Barbara Kassaninin müəllifi olduğu və “Aracne” nəşriyyat evi tərəfindən nəşr edilmiş “Bakıda bir taksi sürücüsü: Kəmalənin hekayələri” adlı romanın təqdimatı keçirilib.

Bakı. Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İtaliya parlamentinin deputatlar palatasının “Lupa” zalında italyan jurnalist Barbara Kassaninin müəllifi olduğu və “Aracne” nəşriyyat evi tərəfindən nəşr edilmiş “Bakıda bir taksi sürücüsü: Kəmalənin hekayələri” adlı romanın təqdimatı keçirilib. Azərbaycanın İtaliyadakı Səfirlyindən verilən məlumata görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş bir ailənin Bakı və Roma şəhərləri arasında cərəyan edən hekayəsindən bəhs edən romanın ideyası müəllifin bir neçə il əvvəl Azərbaycana səfəri zamanı məcburi köçkün düşmüş taksi sürücüsünün ona bəhs etdiyi təsirli həyat hekayəsindən qaynaqlanır. Romanın süjet xətti və qəhrəmanları müəllifin təxəyyülünün nəticəsi olsa da, “Kəmalənin hekayələri” adlı əlavədə təqdim olunan real hekayələr kitabın müəllifinin münaqişənin həqiqi qurbanları olmuş, Ermənistandan, habelə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və digər ətraf rayonlardan qaçqın və məcburi köçkün düşmüş, yurd-yuvalarına qayıtmaq ümidi ilə yaşayan yeddi azərbaycanlı qadınla müsahibələri əsasında hazırlanıb. Kitabda, eləcə də ailə hekayəsi fonunda Azərbaycanın tarixi, mədəniyyəti, memarlığı, xalqımızın ənənələri, gündəlik həyat tərzi, ölkəmizdə mövcud multikultural mühit barədə də məlumat verilir. Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyası və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə İtaliya parlamentinin deputat və senatorları, dövlət qurumlarının, Romada akkreditə olunmuş diplomatik korpusun, elmi-akademik, intellektual, mədəniyyət dairələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.