Leyla Əliyev Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sərgisi ilə tanış olub (FOTO)


Digərləri 26 Fev 2019 22:52:00 193 0

Leyla Əliyev Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sərgisi ilə tanış olub (FOTO)

Fevralın 26-da Müasir İncəsənət Muzeyində Xalq rəssamı, professor Arif Hüseynovun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılıb

Bakı. Fevralın 26-da Müasir İncəsənət Muzeyində Xalq rəssamı, professor Arif Hüseynovun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılıb. Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsəri nümayiş olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev sərgi ilə tanış olub. Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov deyib ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar müxtəlif anım tədbirləri keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə və xaricdə təşkil edilən bu cür tədbirlər sayəsində dünya ictimaiyyətinin Xocalıya olan diqqəti daha da artır. Xalq rəssamı Arif Hüseynovun Qarabağ mövzusunda əsərlərindən ibarət bugünkü sərgi də Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib və buna görə Fondun rəhbərliyinə təşəkkür edirik. Sərginin əhəmiyyətindən danışan X.Abdinov deyib ki, ekspozisiyada nümayiş olunan əsərlər tarixi materiallara əsaslanır. Bu əsərlərdə Alban kilsəsi, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunub. Əsərlərdə Türkmənçay müqaviləsi, Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilir. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vurğulayıb ki, xalqımızın tarixində yaşanan kədərli və fərəhli hadisələrə hər zaman sənətkarlarımız tərəfindən bədii münasibət göstərilib. Xocalı soyqırımı xalqımızın tarixində elə dəhşətli hadisələrdəndir ki, ona münasibət göstərməmək qeyri-mümkündür.