Xocalidan olan 5 yaşlı qızın "nağıl"ı (Ürəyi zəif olanlar oxumasın)


Digərləri 26 Fev 2019 20:54:00 232 0

Xocalidan olan 5 yaşlı qızın "nağıl"ı  (Ürəyi zəif olanlar oxumasın)

Gecə-gündüz şəhid qəbirlərinin sirdaşına çevrilən, səssiz-səmirsiz onlara ağı deyən, 1990-cı ilin 20 yanvarından bütün libaslarını atıb yas-hüzn çiçəyinə çevrilən qərənfilə bürünmüş; həm igidlik, vətənpərvərlik rəmzi, amma həm də göz yaşı, nisgil, ah-nalə dolu Şəhidlər Xiyabanında mən də hər kəs kimi qəhərə böğuluram. Amma məni ən çox düşündürən və göz yaşına boğan isə bir məzar olur...

XOCALIDAN OLAN 5 YAŞLI QIZ... Onun adı da, soyadı da, doğum tarixi də, cəmi bir neçə səhifəyə sığacaq ömür kitabı sadəcə bu dörd sözdən ibarətdi... Onun yerinə hər şeyi başdaşı danışır öz qara sükutu ilə... Bəs görəsən özünü tanısaq, qəlbinə boylana bilsək nələri görərdik, nələri eşidərdik...

Adım nə idi mənim görəsən? Necə bir evdə yaşayırdım? Simam kimə oxşayırdı? Heç şəklim vardımı mənim? Arzularım necə... Hamınınkına bənzəyirdi? Bütün uşaqlar kimi dünyam vardımı mənim də? Oyuncaqlarım, dostlarım necə? Görəsən, qışı, qarı sevirdimmi mən də əksər uşaqlar kimi? Qarın üstünə uzanıb şəklimi çəkmək istəmişdimmi nə vaxtsa mən də? Kaş ki, istəməyəydim! Hardan biləydim ki, qanla çəkəcəklər şəklimi qar üstünə qansız düşmənlər... Və bu, mənim son şəklim olacaqdı... Son şəklim... O qədər ürək ağrıdan olacaqdı ki... O şəkildə xatırlanmamı istəməyib, tamamilə qaranlığa qərq edəcəkdilər məni... Bir parça qara mərmər əvəz edəcəkdi qəbrim üstə durub məni düşünən, mənə rəhmət diləyən, narahat ruhuma dua oxuyan hər kəs üçün məni... Diqqətlə başdaşına baxanda orda hər kəs öz kölgəsini görəcəkdi, mənim yerimə... Yəqin ki, mənim yerimə qoyacaqdı özünü... Necə öldüyümü düşünəcəkdi... Həqiqəti, hər şeyi olduğu kimi bilən olacaqdımı bəs görəsən? Necə qorxduğumu, necə üşüdüyümü, ölümü necə gördüyümü və necə son nəfəsimi verdiyimi bu balaca canımla, bu körpə vücudumla, bu günahsız cismimlə...

Niyə məni hamı Xocalıdan olan naməlum 5 yaşlı qız kimi xatırlamalıdır ki? Axı mənim də bir nağılım vardı... Biri vardı, biri yoxdu ilə başlayan... Amma sonunda qırmızı almalar düşmədi göydən... Qırmızı qanlar axdı bəmbəyaz qarın üstünə... Nə qısa... amma nə uzun nağıldı bu... Danışsam, dinləyərsinizmi?

Sadəcə dinləməkmi?! Daha çoxunu etmək istərdik səninçün, balaca! Kaş ki, edə bilsəydik! Kaş ki, unutqan olmasaydıq... Kaş ki, sənə doğru gizlicə uzanan əlləri hələ lap əvvəldən qıra bilsəydik!  Kaş ki...

Mən də bir ailənin sevinci kimi doğulmuşdum. Sevilərək gəlmişdim bu dünyaya... Gəlişim toy-bayrama çevrilmişdi...Mən də ana südü, ana laylası ilə böyümüşdüm... Və hər gün daha tez böyüməyə çalışmışdım... Amma bilsəydim...

Şirin-şirin yuxudaydıq,

Bir zalım oyatdı bizi.

Anaların gucağından

Bu dünyaya atdı bizi.

Düşdük yolların ağına,

Baxtımızın sorağına,