İndoneziya Universitetinin tələbələri Xocalı soyqırımı barədə məlumatlandırılıblar (FOTO)


Digərləri 26 Fev 2019 16:50:30 226 0

İndoneziya Universitetinin tələbələri Xocalı soyqırımı barədə məlumatlandırılıblar (FOTO)

İndoneziyanın aparıcı ali təhsil müəssisələrindən biri olan İndoneziya Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “İnsanlıq: sülh şəraitində birgəyaşayış naminə ədalət axtarışında” (Humanity: in search of justice for peaceful coexistence) mövzusunda seminar təşkil edilib.

Bakı. İndoneziyanın aparıcı ali təhsil müəssisələrindən biri olan İndoneziya Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “İnsanlıq: sülh şəraitində birgəyaşayış naminə ədalət axtarışında” (Humanity: in search of justice for peaceful coexistence) mövzusunda seminar təşkil edilib. Bu barədə Trend-ə Azərbaycanın İndoneziyadakı səfirliyindən məlumat verilib. İndoneziya Universitetinin, digər ali təhsil ocaqlarının professor və tələbələrinin, Türkiyə səfirliyinin nümayəndələrinin, ölkənin aparıcı KİV-lərinin təmsilçilərinin qatıldıqları tədbirdə Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov “Xocalıya ədalət!” adlı xüsusi təqdimatla çıxış edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi haqqında geniş məlumat verib. Münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və bir milyondan çox soydaşımızın etnik təmizlənməyə məruz qalaraq qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edən R.Nəsibov BMT Təhlükəsizlık Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin bu günədək yerinə yetirilmədiyini vurğulayıb. Xocalı soyqırımı barədə iştirakçılara məlumat verən R.Nəsibov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalı şəhərinə hücum edərək, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 dinc sakini misli görünməmiş vəhşiliklə qətlə yetirib. O, həmçinin 487 nəfərin ağır yaralandığını, 1275 nəfərin girov götürüldüyünü və 150 nəfərin itkin düşdüyünü deyib. R.Nəsibov erməni xalqının milli qəhrəman səviyyəsinə qaldırdığı, beynəlxalq terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Qardaşımın yolu” kitabında Melkonyanın komandanlığı altında erməni silahlılarının Xocalının işğalı zamanı mülki azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərkən törətdikləri vəhşilikləri necə təsvir etdiyini qonaqların diqqətinə çatdırıb. Bundan əlavə R.Nəsibov Tomas de Vaalın “Qara Bağ” kitabından Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmayacaq, lakin (Xocalıda törətdiklərimizlə) biz bu stereotipi qıra bildik” sözlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, Xocalı soyqırımının məsuliyyətinin birbaşa dövlət və fərdi olaraq Ermənistan hakimiyyətinin üzərinə düşdüyünü, lakin günahkarların hələ də cəzalandırılmadığını təəssüf hissi ilə qeyd edib. Bununla yanaşı, R.Nəsibov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası barədə danışaraq, kampaniyanın strateji hədəflərindən birinin də Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması olduğunu deyib. O, “Xocalıya ədalət!” kampaniyasının fəaliyyəti nəticəsində bu günədək 16 ölkənin, o cümlədən ABŞ-ın 22 ştatının qanunverici orqanının, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Xocalıda törədilmiş cinayəti soyqırımı kimi tanıdığını bildirib. Sonra tədbirin moderatoru, Cakarta Universitetinin kitabxanasının rəhbəri Fuad Qani də Xocalı soyqırımı haqqında geniş məlumat verib. Daha sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Sonda Xocalı Soyqırımının dəhşətlərindən bəhs edən “Zülmətdən qaçarkən” (Running from Darkness) sənədli filmi nümayiş etdirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin