Riqada Xocalı qurbanlarının xatirəsi anılıb


Digərləri 25 Fev 2019 17:54:00 255 0

Riqada Xocalı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqada Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Son.az bildirir ki, Azərbaycanın Latviyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Latviya Universiteti Akademik Kitabxanasının konfrans zalında keçirilən tədbirdə bu ölkənin keçmiş prezidenti Valdis Zatlers, ölkə ictimaiyyətinin üzvləri, elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, parlament dostluq qrupunun təmsilçiləri, jurnalistlər, müxtəlif ölkələrdən olan tələbələr iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Fondu tərəfindən çoxsaylı video, fotomateriallar əsasında istehsal edilmiş "Xocalıya ədalət" sənədli filminin nümayişindən sonra səfir Cavanşir Axundov çıxış edib. Səfir bildirib ki, xüsusi və ağlasığmaz qəddarlıqla törədilən bu soyqırımı aktı Ermənistanın etnik təmizləmə siyasətinə xidmət edib. Xocalı soyqırımının erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı 200 illik siyasətinin davamı olduğunu qeyd edən səfir faciə qurbanlarının xatirəsini daim yaşatmağı gənclərə tövsiyə edib. Bu vəhşilik aktı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdir.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən bəhs edən diplomat hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət!" kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində silsilə tədbirlərin keçirildiyini, indiyədək bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən qətliamı tanıyan və qınayan bəyanatların qəbul edildiyini söyləyib.

2015-ci il fevralın 26-da Latviya seymində də Xocalı soyqırımı ilə əlaqədar müvafiq bəyanatın qəbul edildiyi günü önəmli tarixi uğur adlandıran səfir Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupu tərəfindən 53 deputatın imzası ilə qəbul edilmiş bu sənəddə faciənin insanlıq əleyhinə cinayət olaraq tanındığını vurğulayıb, nümayiş etdirdiyi həmrəyliyə görə Latviya xalqına dərin təşəkkürünü ifadə edib. Bir gün faciənin bütün dünyada soyqırımı aktı kimi tanınacağına inam bildirən səfir həmvətənlərimizi "Xocalıya ədalət!" beynəlxalq kampaniyası ətrafında sıx birləşməyə və bu faciəni daim xatirələrdə yaşadaraq gələcək nəsillərə ötürməyə çağırıb: "Həmin gün qətlə yetirilmiş körpələr bu gün 27-30 yaşlarında ola bilərdilər. Onlar da yaşayaraq arzularını reallaşdırardılar", - deyə səfir vurğulayıb.

Fevralın 23-də Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi matəm mitinqinin keçirildiyini və bu gün Latviyada azərbaycanlı tələbələrin iştirakı ilə baş tutmuş anım yürüşünü qeyd edən səfir bu aksiyaların qanlı faciənin təbliği, xatirələrdə yaşadılması və gələcək nəsillərə çatdırılmasındakı vacibliyini önə çəkib.

Latviyalı ictimai xadim və yazıçı Yanis Udris çıxışı zamanı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edərək, Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib. Ölkəmizdə baş vermiş 20 Yanvar faciəsi, Xocalı soyqırımı və digər bu kimi hadisələrin xatirələrdə dərin izlər buraxdığını qeyd edən yazıçı Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin böyük qurbanlar bahasına başa gəldiyini diqqətə çatdırıb. Bu cür faciələrlə üzləşən bir xalqın qısa zamanda böyük siyasi və sosial-iqtisadi inkişaf yolu keçməsinə heyran qaldığını qeyd edən yazıçı bütün bu nailiyyətlərin əldə edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərinin əvəzsiz olduğunu söyləyib.


Xəbərə aid fotolar