Bu gün AMEA prezidenti Akif Əlizadənin 85 yaşı olur


Digərləri 25 Fev 2019 13:09:00 268 0

Bu gün AMEA prezidenti Akif Əlizadənin 85 yaşı olur

Bu gün Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin 85 yaşı tamam olur.

Son.az Trend-ə istinadən bildirir ki, Akif Ağamehdi oğlu Əlizadə 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) fərqlənmə diplomu ilə bitirərək bir müddət neft mədənlərində çalışıb. 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant vəzifəsinə işə qəbul olunan alim 1961-ci ildə geologiya-mineralogiya elmlər namizədi, 1969-cu ildə geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsi adını almaqla bu sahə üzrə keçmiş SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislər sırasına daxil olub.

1970-1976-cı illərdə Geologiya İnstitutunun direktor müavini olmuş alim 1976-cı ildən bu günə kimi həmin institutun direktoru vəzifəsində çalışır.

Geologiya elmi sahəsində geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri biliklərlə zənginləşdirən Akif Əlizadə 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.