Stalinin ən çox qorxduğu SİRLİ ADAMIN DƏHŞƏTİ: Əvvəl övladları, xanımı, sonra özü öldürüldü


Digərləri 24 Fev 2019 20:50:00 286 0

Stalinin ən çox qorxduğu SİRLİ ADAMIN DƏHŞƏTİ: Əvvəl övladları, xanımı, sonra özü öldürüldü

Son günlər keyfiyyətli film həvəskarları dərin maraqla rus kinematoqraflarının ərsəyə gətirdikləri "Trotski" serialını izləyirlər. Bu ekran əsərində tanınmış inqilabçı Lev Trotski ilə yanaşı Vladimir Leninin, İosif Stalinin, Feliks Derjinskinin və bu kimi digər tarixi şəxsiyyətlərin də həyatından qaranlıq qalan məqamlara aydınlıq gətirilir. Son.az bildirir ki, serialda həmçinin tarixdə Vətəndaş müharibəsinin yaradıcılıarından biri kimi qalan Trotskinin siyasi fəaliyyətilə birgə, şəxsi həyatı da önə çəkilib, tamaşaçıya çılpaqlığı ilə təqdim edilir. "Trotski" çoxserialı bədii filmini izləmək imkanı olmayanlar üçün bir neçə mənbəyə əsaslanıb, bu yəhudiəsilli inqilabçının həyat və fəaliyyətindən yazmaq qərarına gəldim.

Ümumi məlumat

Lev Trotski XX əsrin tanınmış inqilabçısı, Vətəndaş müharibəsinin yaradıcılarından biri kimi tarixdə iz qoyub. O ilk Sovet hakimiyyətinin ikinci rəhbəri, hərbi dəniz məsələləri üzrə xalq komissariatının başçısı vəzifəsində çalışıb. Trotski dünya inqilabçılarının düşmənləri ilə mübarizədə olduqca sərt və qəddar rəqib olub. Leninin ölümündən sonra Stalin siyasətinə qarşı çıxaraq, müxalif mövqeyə keçib. Buna görə də sovet vətəndaşlığından məhrum edilərək, İttifaqdan qovulub. Tarixi mənbələrdə Lev Trotskinin NKVD casusu tərəfindən öldürüldüyü sübuta yetirilib.

Yəhudi Leyba

Əsl adı Leyba Davidoviç Bronşteyn olan Lev Trotski 1879-cu ilin 7 noyabrında Yanovka kəndinin varlı yəhudi ailəsində doğulub. Leybanın valideynləri savadsız olsalar da, təsərrüfat sahəsində kifayət qədər yaxşı pul qazanır, kəndlilər üzərində öz zəhmlərini göstərirdilər. Ailənin tək övladı olan Leybanın birlikdə gəzib, oynayacağı dostu yox idi. Onunla birgə böyüyən kənd uşaqlarına isə daim yuxarıdan aşağı baxırdı. Bəlkə də balaca oğlanda formalaşan məhz bu xüsusiyyət gələcəkdə insanlar üzərində hökmünü gerçəkləşdirməyə təkan verəcəkdi.

Leybanın 10 yaşı tamam olanda valideynləri onu Odessaya yəhudi uşaqların təhsil aldığı ən nüfuzlu məktəblərin birinə göndərirlər. Qısa müddətdə məktəbin ən nümuməvi şagirdinə çevrilib, rəsmə, ədəbiyyata dərin maraq göstərir. Yəqin ki, həmin illər elmə bağlı bu yeniyetmə inqilab haqda heç düşünmürdü belə...

Təhsilinin son ilində 17 yaşlı Leyba inqilabı təbliğ edən sosialistlərin dərnəyinə üzv olur. Burada o Karl Marksın əsərləri, azadlıq, bərabərlik haqda fikirlərilə tanış olub, marksizmin pərəstişkarına çevrilir. Həmin müddətdə iti düşüncəsi və liderlik sevdası özünü biruzə verməyə başlayır.

İnqilab xəyalları quran gənc Cənubi Rus Fəhlələrinin Birliyini yaradır. 19 yaşlı Leyba bu fəaliyyətinə görə 2 il müddətinə azadlıqdan məhrum edilir. Bundan sonra gənc fəal Bronşteyn Sibirə sürgünə göndərilir. Elə burada olduğu müddətdə özünə saxta pasport düzəltdirib, adını dəyişir. Elə hər şey də buradan başlayır. Lev Trotski...

Şəxsi həyatı

Trotskinin şəxsi həyatı inqilabi fəaliyyətilə sıx bağlı idi. İlk xanımı Aleksandra Sokolovskaya ilə ailə quranda cəmi 16 yaşı vardı. Mənbələrə görə, Levdən 6 yaş böyük olan Aleksandranın onun inqilabçı olmağında böyük rolu olub. Trotskinin qarşısında marksizmin qapılarını açan da məhz birinci xanımıdır.

Sokolovskaya ilə Trotski rəsmi nikaha 1898-ci ildə girirlər. Toydan bir neçə gün sonra cütlük Sibirə sürgün edilir. Burada Trotski ailəsinin Zinaida və Nina adlı qızları dünyaya gəlir. Kiçik qızları cəmi 4 aylıq olanda Lev ailəsini atıb, sürgündən qaçır. İllər sonra Trotski "Mənim həyatım" adlı memuarında bu addımı Aleksandranın nəinki razılığı, hətta dəstəyilə inqilab naminə atdığını qeyd edirdi.

Parisdə olduğu müddətdə ikinci xanımı Natalya Sedova ilə rastlaşır. Natalya Leninin rəhbərliyilə nəşr olunan "İskra" qəzetində çalışırdı. Bu zərif xanım incəsənət aşiqi idi. Hətta filmdə cərəyan edən hadisələrə əsaslansaq, Parisin ən məşhur rəssamlarının qarşısında çılpaq model qismində çıxış edir, azadfikirli gənc parislilərin açıq-saçıq gecələrinə qatılırdı. Onun bu həyat tərzi Trotskini qıcıqlandırsa da, valeh olduğu qadını tezliklə əfsunlamağı bacarır. Alovlu məhəbbət Trotskiyə ilk nikahını unutdurur. Lakin ilk xanımı Aleksandra ilə ömrünün sonunadək dost münasibətini qoruyub saxlaya bilir.

Natalyadan Trotskinin Lev və Sergey adlı iki oğlu dünyaya gəlir.

4 övladı olan Trotskinin qızları və oğlanları gənc yaşda faciəvi şəkildə dünyalarını dəyişirlər. Öncə kiçik oğlu Sergey siyasi fəallığına görə güllələnir. Ardınca böyük oğlu həmçinin fəal hərəkatçı Lev Parisdə kor bağırsağından əməliyyat olunduğu müddətdə müəmmalı şəkildə dünyasını dəyişir. Bunun süi-qəsd olduğu da bildirilir.

İnqilabçının kiçik qızı Nina 1928-ci ildə vərəmdən ölür. Böyük qızı Zinaida isə atası ilə birgə Sovet vətəndaşlığından məhrum edilər-edilməz intihar edir. Övladlarının ardından Trotski birinci arvadı Aleksandranı da itirir. Sokolovskaya Moskvada güllələnir.

Ömrünün son illərində qələmə aldığı memuarlarında Trotski yazır:

"Səndən yarananları torpağa özün tapşırırsansa, yaşamağının da bir mənası qalmır".

İnqilabçının ikinci xanımı Natalya övlad itkisinə, ağır güzərana, daim onları əhatə edən təhlükəyə, ərinin davamlı xəyanətlərinə rəğmən, sadiq həyat yoldaşı kimi ömrünün sonunadək Trotskinin yanında qalır. İnqilabçının ölümümdən sonra 20 il ömür sürən Natalya 1962-ci ildə Parisdə dünyasını dəyişir və öz vəsiyyəti ilə Meksikada ərinin yanında dəfn olunur.

Ümumiyyətlə, Trotskinin həyatında çox qadın olub. Hətta ekran əsərinə inansaq, Raskolnikovun xanımı da ərinin gözü önündə Trotski ilə eşq macərası yaşayıb.


Xəbərə aid fotolar