Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib (FOTO)


Digərləri 22 Fev 2019 12:19:43 167 0

Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib (FOTO)

Vaşinqtonda Qadınların Milli Demokratiya Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş konsert təşkil edilib.

Bakı. Vaşinqtonda Qadınların Milli Demokratiya Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş konsert təşkil edilib. Mərkəzin yerləşdiyi tarixi “Uittemor” binası XIX əsrin sonlarında ABŞ paytaxtının mərkəzində tikilib və 2000-ci ildən muzey kimi fəaliyyət göstərir. Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti, bir çox beynəlxalq müsabiqələrin laureatı, Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı pianoçu Nərgiz Əliyarova və azərbaycanlı gənc istedad, hazırda ABŞ-ın Pensilvaniya ştatında doktorantura pilləsində təhsil alan, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ və digər ölkələrdə keçirilən festivalların qalibi olmuş skripkaçı Azər Dəmirov ifa ediblər. Tədbirdə iştirak edən çoxsaylı qonaqlar arasında Vaşinqtonda akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqtonda və onun ətrafında yaşayan soydaşlarımız olub. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov konsertdən əvvəl çıxış edərək 27 il bundan öncə törədilmiş Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən faciəvi səhifəsi olduğunu deyib. O, bu faciənin beynəlxalq humanitar təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zəminində törədilmiş ən böyük qətliam kimi qiymətləndirildiyini qeyd edib. Səfir Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal altında qalmasına və 1 milyondan çox insanın öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, ölkəmizin bu gün durmadan inkişaf etdiyini və didərgin düşmüş, o cümlədən Xocalı faciəsindən qurtulmuş insanlara hər cür şərait yaratdığını vurğulayıb. Diplomat bunun Azərbaycan dövlətinin gücünün, ölkə rəhbərliyinin strateji düşüncəsinin və Azərbaycan xalqının müdrikliyinin və əzmkarlığının nəticəsi olduğunu bildirib. Səfir musiqinin Qarabağın ən əsas simvollarından biri olmasından bəhs edib və tədbirdə ifa ediləcək bir sıra musiqilərin müəllifi olan Qara Qarayev və Arif Məlikovun məhz Qarabağ musiqisindən bəhrələndiyini bildirib.