Əhlisünnə məzhəbində xüms varmı və kimlərə verilməlidir?


Digərləri 21 Fev 2019 23:15:00 322 0

Əhlisünnə məzhəbində xüms varmı və kimlərə verilməlidir?

Xüms şiə (cəfəri) məzhəbində müəyyən şərtlər daxilində vacib olan şəriət vergilərindən biridir. Xüms iki hissəyə bölünür, yarısı fəqir seyidlərin payı, yarısı isə İmam (ə) malı adlanır. Bunların hesablanma və sərf edilmə yolları barədə müctəhidlər risalələrdə ətraflı məlumat vermişlər. Lakin əhli-sünnə məzhəbinin xümsə yanaşma tərzi fərqlidir.

Son.az islam.az-a istinadən bildirir ki, cəfərilikdən fərqli olaraq, əhli-sünnə məzhəbində qazancın ehtiyacdan artıq qalan hissəsinə xüms düşmür. Xüms müəyyən şərtlər daxilində yerin təkindən tapılan xəzinə və mədənlərə aiddir. Hənəfi məzhəbinə görə, Peyğəmbər (s) vəfat etdiyindən, onun payı öz qüvvəsini itirib. Buna görə də xüms bütünlükdə fəqir, yetim və yolda qalan müsafirlərə verilməlidir. Peyğəmbərin (s) qohumlarına - seyidlərə gəlincə, onlar da xüms hüququnda seyid olmayan insanlarla bərabər tutulurlar; ehtiyacları varsa (fəqirdirlərsə), onlara da xüms payı verilə bilər. Malikilər xümsün dövlət başçısına (imama) təhvil verilməsini lazım bilirlər. Hənbəli və şafii məzhəblərinə görə, xüms 5 hissəyə bölünür. Peyğəmbərə (s) aid olan hissə müsəlman icmasının ehtiyaclarına xərclənir. Peyğəmbərin qohumlarına aid olan hissə Bəni-Haşim soyunun nümayəndələrinə (varlı ya kasıb olmalarına baxmayaraq) verilir. Yerdə qalan üç hissə fəqirlər, yetimlər və yolda qalan müsafirlər arasında (seyid olub-olmamasına baxmayaraq) bərabər bölünür.