Metrodan istifadə edənlərə ŞAD XƏBƏR! (FOTO)


Digərləri 21 Fev 2019 14:32:00 225 0

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR! (FOTO)

2019-cu il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.

Bakı. Samir Əli - 2019-cu il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, bununla əlaqədar ötən il dünyanın aparıcı şirkətlərinin məhsullarının monitorinqi aparılaraq, yekun nəticə kimi, ən sərfəli, səmərəli və “Bakı Metropoliteni”nin bütün tələblərini nəzərə alan variant seçilməklə, Rusiyanın “Artyomovsk Maşınqayırma Zavodu “Ventprom” Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanılıb. Həmin saziş əsasında bu ilin may ayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək. Bu yaxınlarda "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində “Ventprom”un baş ofisində və səhmdar cəmiyyətinin Artyomvskda yerləşən zavodunda olub, sifariş edilən qurğuların zavod şəratində sınaqdan çıxarılması prosesində iştirak edib. “Bakı Metropoliteni” QSC nümayəndəsinin tələbi ilə sınaq prosesi ventilyatorun qarşısında tuneli imitasiya edən aerodinamik boru quraşdırılaraq, qurğunun bütün texniki parametrləri yoxlanılmaqla aparılıb. Sınaqdan əvvəl isə idarəetmə lövhələrinin elementləri, avtomatik idarə sistemi, bütün nəzarət-məlumat ötürücüləri yoxlanılıb. Qurğuların istehsal texnologiyası, komplektləşdirici materialların keyfiyyəti analiz edilib. Yoxlamalar və aparılan sınaq prosesi sifarişçinin təqdim etdiyi texniki şərtlərin yerinə yetirildiyini təsdiq edib.