Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər


Digərləri 21 Fev 2019 11:48:00 340 0

Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar dünya dini liderlərinə və parlamentlərinə, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, müraciətdə qeyd olunur:

"O Bir Olan Yaradanın adı ilə! Biz, milyonlarla azərbaycanlının iradəsini ifadə edərək, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımın 27-ci ildönümü ərəfəsində dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik.

Azərbaycan xalqının qan yaddaşında həkk olunmuş tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın etmiş və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətmişdir. Azərbaycanın Xocalı şəhərində həmin gecə erməni silahlı quldurları tərəfindən qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər mülki əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalı şəhəri yerlə yeksan edilmiş, əhalinin 150 nəfəri itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilmişdir.

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdəndir. Mahiyyəti etibarilə, Xocalı faciəsi - Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, fiziki və mənəvi terrora məruz qalmış, erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

İyirmi yeddi il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməmişdir. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.