Smartfondan həddən artıq istifadə uşaqlarda inkişaf pozğunluğu yaradır


Digərləri 20 Fev 2019 22:32:00 202 0

Smartfondan həddən artıq istifadə uşaqlarda inkişaf pozğunluğu yaradır

Müasir dövrdə inkişaf etmiş ölkələrdə uşaq və yeniyetmələr hər gün vaxtlarının təxminən səkkiz saatını smartfon, mavi ekran, kompüter və ya tablet qarşısında keçirirlər. Tibb mütəxəssisləri bununla bağlı həyəcan təbili çalaraq, valideynləri diqqətli olmağa çağırırlar. Çünki smartfondan həddən artıq istifadə uşaqlarda inkişaf pozğunluğu yaradır. Müasir dövrdə uşaqlarda daha çox müşahidə edilən söz ehtiyatı kasadlığı, nitq qüsuru, fikrini sərbəst ifadə edə bilməmək, diqqətini mövzuya cəmləməkdə çətinlik və s. kimi nöqsanlar smartfon istifadəsi ilə birbaşa əlaqəlidir. "Smartfon uşaqları" sadəcə olaraq sərbəst ünsiyyət imkanlarından məhrum olmurlar, onlar, həmçinin özlərini həmyaşıdlarından, qohum və valideynlərindən təcrid edərək, vaxtlarını elektron media vasitələri ilə keçirməyə üstünlük verirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Vyana Tibb Universitetinin uşaq psixiatriyası üzrə mütəxəssisləri bu vəziyyətdə olan uşaqlara alternativlər irəli sürməklə, onların elektron media vasitələrindən asılılığını azaltmağı tövsiyə edirlər. Valideynlər birgə gəzintilər, fəal idman və ya masa oyunları sayəsində uşaqların marağını başqa istiqamətə yönəldə, onların sosial fəallığının artmasına kömək edə bilərlər.

Eyni zamanda, ekspertlər valideynləri bəzi vərdişlərə son qoymağa da çağırıblar. Məsələn, bir çox gənc valideyn nadinclik edən uşağını sakitləşdirmək üçün ona smartfon və ya tabletlə oynamağa icazə verir. Maşınla yol gedərkən, evdə qonaq olarkən və ya valideynlər dincəlmək istəyərkən smartfon sakitliyin bərqərar olması üçün uğurlu zəmanətə çevrilib.