Dövlət qurumlarının əməkdaşları gömrük xidmətindəki yeniliklər və islahatlarla bağlı məlumatlandırılıb (FOTO)


Digərləri 20 Fev 2019 19:43:00 199 0

Dövlət qurumlarının əməkdaşları gömrük xidmətindəki yeniliklər və islahatlarla bağlı məlumatlandırılıb (FOTO)

Dövlət Gömrük Komitəsində gömrük orqanlarında həyata keçirilən ən son yeniliklər və islahatlarla bağlı aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə görüş keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsində gömrük orqanlarında həyata keçirilən ən son yeniliklər və islahatlarla bağlı aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə görüş keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2017-ci il tarixli fərmanlarının icrasından irəli gələn məsələlərlə bağlı biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın hazırladığı “İcra və Kommunikasiya Planı”na uyğun olaraq təşkil edilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti qurumlarının rəhbərləri və nümayəndələri, Vergilər və İqtisadiyyat nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak edib. DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyası, innovativ islahatlar, sahibkarlıq və biznes mühitinin, xarici ticarətin inkişafı istiqamətində atılan addımlar hesabına ölkəmizin dayanıqlı inkişafı təmin edilib. Bütün sahələrdə reallaşdırılan uğurlu siyasət Azərbaycanın regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş və islahatçı ölkə kimi tanınmasına münbit şərait yaradıb. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın irəliləməsi və islahatçı ölkə kimi ön sıralarda yer tutması da görülən səmərəli işlərin nəticəsidir. Komitə sədrinin birinci müavini gömrük orqanlarında həyata keçirilən islahatlar və yeniliklərə toxunaraq Prezident İlham Əliyevin “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı 21 dekabr 2018-ci il tarixli fərmanından bəhs edib. Bildirilib ki, bu il fevralın 1-dən etibarən tətbiqinə başlanan sistemdən artıq 100-dən çox biznes subyektinə istifadə hüququ verilib və uğurlu nəticələr əldə edilib. Bu yenilik sahibkar-məmur təmasının minimuma endirilməsinə, şəffaflığın tam təmin olunmasına, ölkənin ixrac potensialının artmasına, münbit biznes mühitinin yaradılmasına, könüllü riayət prinsipinin formalaşmasına şərait yaradır. İsmayıl Hüseynov onu da qeyd edib ki, tədbir aidiyyəti dövlət qurumları arasında səmərəli koordinasiya və məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir və ölkəmizin beynəlxalq reytinq göstəricilərinin artırılması istiqamətində görülən işlərin və gələcəkdə reallaşdırılacaq vəzifələrin müzakirəsi üçün münbit zəmin formalaşdırır.