Sənədsiz mənzillərin sahibləri "kupça" ala biləcəklər


Digərləri 19 Fev 2019 21:36:00 220 0

Sənədsiz mənzillərin sahibləri "kupça" ala biləcəklər

Sənədsiz mənzillərin sahibləri "kupça" ala biləcəklər.

Gələn il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarına (yaşayış komplekslərinə) çıxarış veriləcək.

Çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyevin verdiyi fərmanda belə göstərilib.

Əmlak məsələləri üzrə təhlilçi Ramin Osmanov BBC News Azərbaycancaya bildirib ki, bundan sonra sözügedən fərman xeyli mənzilin qeydiyyat probleminin həllinə gətirib çıxaracaq.

"Evlərin qeyri-leqal yolla dövriyyəsi dayandırılacaq"

"Bu fərmandan sonra artıq həmin binaların istismara qəbulu qaydaları sadələşdiriləcək.

Cənab Prezidentin fərmanından da görünür ki, Fövqəladə Hallar Nazirliyinin çoxmənzilli yaşayış binalarındakı dayanıqlılıqla bağlı rəy verdiyi bina istismara qəbul olunmalıdır.

Bakı Şəhər İcra Hakimiyyəti sənədləşmə işlərində müəyyən qüsürları olan binalara istismar aktı verməkdən imtina edirdi.

Qurum artıq bundan sonra heç bir halda çıxarış verməkdən imtina edə bilməyəcək.

Düşünürəm ki, bu fərman bir tərəfdən uzun müddətdən bəridir öz həllini gözləyən problemi çözəcək, digər tərəfdən isə xeyli mənzilin qeydiyyat probleminin həllinə gətirib çıxaracaq", təhlilçi deyib.