Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib


Digərləri 19 Fev 2019 11:21:00 180 0

Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib

Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) Layihə idarəetmə İnstitutunun (PMI – Project Management Institute) yaradılmasının 50-ci ildönümünə həsr olunmuş “Müvafiq layihə idarəetmə metodlarının tətbiqi və onların müasir idarəetmədə rolu” başlıqlı “PMI Azerbaijan 2019” sammiti keçirilib. Ali məktəbdən Trend-ə verilən məlumata görə, tədbir BANM-in təşkilati dəstəyi ilə PMI-ın Azərbaycandakı nümayəndəliyi – PMI Azerbaijan Chapter (Potential) tərəfindən təşkil olunub. Sammitdə informasiya texnologiyaları, sənaye, tikinti, maliyyə və təhsil sahələrində fəaliyyət göstərən dövlət və aparıcı özəl təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib. Tədbirin aparıcısı Kənan Məmmədov tədbiri açaraq təşkilatın yaradılması və fəaliyyəti barədə qısa məlumat verib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, sammit iştirakçılarını salamlayaraq layihə idarəetməsi sahəsində mütəxəssislərin hazırlanmasının və müasir idarəetmə metodlarının bütün sahələrdə tətbiq olunmasının vacibliyini vurğulayıb. Ali məktəbin inkişafı, fəaliyyəti və nailiyyətləri haqqında danışarkən rektor bildirib ki, BANM-in nəzdində PMI-ın bütün standartları əsasında hazırlanan xüsusi təlim proqramı - Layihə idarəetmə məktəbi uğurla fəaliyyət göstərir. Bu proqramın məzunlarını ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatlarını almış milli və beynəlxalq şirkətlərin onlarla aparıcı əməkdaşları təşkil edir. Çıxışının sonunda rektor Elmar Qasımov sammit iştirakçılarına uğurlar arzulayıb.