Ölkənin əsas avtomobil yollarındakı SON VƏZİYYƏT


Digərləri 19 Fev 2019 11:16:00 150 0

Ölkənin əsas avtomobil yollarındakı SON VƏZİYYƏT

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yollarındakı son vəziyyəti açıqlayıb.

Bakı. Samir Əli - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yollarındakı son vəziyyəti açıqlayıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur. Giləzi-Xızı yolunda qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Bakı-Qobustan avtomobil yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Qobustan-Şamaxı-Muğanlı avtomobil yoluna güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub. Muğanlı-Ağsu-Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Bakı-Ələt-Hacıqabul yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul-Ucar-Yevlax yolunun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Yevlax-Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Muğanlı-İsmayıllı yolunda qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.