Azərbaycanda yırtıcılardan hiyləgər plan


Digərləri 18 Fev 2019 19:34:00 209 0

Azərbaycanda yırtıcılardan hiyləgər plan

Goranboyda qəribə hadisə baş verib. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, rayonun Eyvazlılar kəndində sürüyə hücum edən canavarlar çobana hiss etdirmədən bir neçə heyvanı sürüdən ayıraraq özləri ilə aparıb. 

Belə ki, kənd sakini Kamil Əhmədov özünə və bir neçə sakinə məxsus qoyunları otaran zaman 3 canavar xırdabuynuzlulara hücum edib. K.Əhmədov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində canavarları görən zaman səs-küy edib, vəhşi heyvanları uzaqlaşdırmağa çalışdığını deyib.

Qoyunları acgöz canlılardan xilas etdiyini düşünən kənd sakini, heyvanları örüşdən qaytaran zaman 5 baş qoyunun sürüdə olmadığını görüb. Bundan sonra ətraf ərazilərdə axtarışa çıxan sakinlər gecəyədək axtarsalar da, qoyunların nə ölüsündən nə dirisindən bir əlamət tapa bilməyiblər.