Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır (MÜSAHİBƏ)


Digərləri 18 Fev 2019 07:45:00 335 0

Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır (MÜSAHİBƏ)

Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarainin Trend-ə müsahibəsi

Bakı. Elçin Mehdiyev - 2019-cu il 26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla bağlı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarainin Trend-ə müsahibəsi - Bildiyimiz kimi, Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsinə az vaxt qalır. Yarışa hazırlıq işləri nə yerdədir? - Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsinə hazırlıq işləri qrafikə uyğun davam edir. Tikinti işlərinə nəzər yetirsək, artıq Pit binasında olan işlər tam qüvvəsi ilə gedir. Binanın əsas quruluşu hazırdır, artıq binanın içərisində işlər görülür. Digər tərəfdən, trekdə beton blokların yerləşdirilməsinə başlanılıb və növbəti aydan etibarən tribunaların quraşdırılmasına, həmçinin Dənizkənarı Milli Parkın ərazisində işlərə başlanılacaq. Bütün işlər yarış həftəsinin əvvəlində tam yekunlaşacaq. Yarış şəhərin mərkəzində olduğu üçün yolları bağlaya bilmirik, ona görə də son işlər yarış həftəsinin ilk günlərində həyata keçiriləcək. Hazırda işlər elə aparılır ki, insanlara heç bir narahatlıq törədilmir. İşləri əsasən gecə saatlarında görməyə çalışırıq ki, insanlar əziyyət çəkməsinlər. Yarış həftəsi ərzində işlər daha çox olacaq. İndidən insanlardan üzr istəyirik, çünki Qran Pri zamanı müəyyən narahatlıqlar olur, yollar bağlanır. Bu Qran Pri Azərbaycan üçün böyük dividentlər gətirir. Ona görə də insanlarımızdan çox xahiş edirik ki, bunu səbrlə, anlayışla qarşılasınlar. - Bilet satışı ilə bağlı vəziyyət necədir? - Məlum olduğu kimi, bilet satışına 2018-ci ilin noyabr ayından start verilib. Noyabr və dekabr aylarında biletlər 20 faiz endirimlə satılırdı. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb. Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Bir məsələni də diqqətinizə çatdırım. Bildiyiniz kimi, Formula 1 yarışının Azərbaycanda keçirilməsi daha 3 il müddətinə uzadıldı. Biz bunu elan etdikdən sonra isə bilet satışının tempində iki dəfəlik artım qeydə alındı. Azərbaycan Qran Prisinə Formula 1 azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Ötən il aprelin sonuna qədər 75 ölkədən biletlər alınmışdı. Düşünürük ki, bu ildə də təxminən o qədər olacaq. - Əvvəlki Qran prilərdə Rusiya, İngiltərə və ərəb ölkələrindən bilet alanların sayı daha çox idi. Bəs indi hansı ölkələr irəlidədir? - İndi də Rusiya və İngiltərədən daha çox bilet alınıb, eyni zamanda, Almaniya, Gürcüstan, Ukrayna, Finlandiya və həmçinin ərəb ölkələri böyük maraq göstərir. Ancaq bir məsələ var ki, Bakıda keçirilən ilk Formula 1 yarışına Rusiyadan gələnlər daha çox idisə, indi bu göstərici azalıb. Çünki indi əvvəlkindən daha çox ölkədən bilet alınır və müvafiq olaraq Rusiya ilə bağlı faiz də azalır. - Formula 1 yarışının ölkəmizdə daha 3 il müddətinə uzadılması indiyə qədər keçirilən yarışların uğurlu olmasından xəbər verir. Bu barədə Sizin də fikirlərinizi bilmək istərdik. - Bildiyiniz kimi, Formula 1-in Azərbaycanda keçirilməsi ilə bağlı ilk müqavilə beş illik idi, yəni yarışlar beş il, 2020-ci ilə qədər mütləq şəkildə Azərbaycanda keçirilməli idi. Ondan sonra artıq hər iki tərəf müqavilənin şərtlərinə yenidən baxa, dəyişikliklər edə, müddəti uzada və ya xitam verə bilərdi. Biz ilk dəfə müqavilə imzalayanda Formula 1-ə Berni Ekklstounun komandası rəhbərlik edirdi. İndi isə Formula 1-in rəhbərliyi dəyişib, artıq idarəçilik "Liberty Media" şirkətinə məxsusdur. Yeni rəhbərlik siyasəti dəyişib, daha çox azarkeş cəlb etmək üçün başqa bir strategiya seçib. Biz də artıq neçə ildir Qran Pri keçirdiyimiz üçün bilirdik ki, müqavilənin hansı məqamlarına toxunmaq, onları yeniləmək istəyirik. Bu baxımdan biz də "Liberty Media" ilə birgə çalışaraq, müqavilənin bütün şərtlərini yenidən nəzərdən keçirərək danışıqlara yekun vurduq və müqaviləni növbəti 3 il müddətinə uzatdıq. Nəzərinizə çatdırım ki, yeni müqavilə bizim üçün daha sərfəlidir, çünki köhnə müqavilədə elə hüquqlar var idi ki, artıq o hüquqlar Azərbaycana aiddir. Həmçinin elə məsələlər var idi ki, onlar işlənməmişdi, indi isə biz Formula 1 yarışından yeni gəlir mənbələri tapmışıq. Bu baxımdan nəticələrlə razıyıq. - Formula 1 ilk dəfə Azərbaycanda təşkil ediləndə bildirilirdi ki, yarış 10 il Bakıda keçiriləcək. İndi isə bu müddətin 8 il olduğu dəqiqləşdi. Növbəti iki il, yəni 2025-ci ilədək keçiriləcəyi ilə bağlı bir söz demək mümkündür? - İndiki mərhələdə onu demək olar ki, həm Formula 1, həm də Azərbaycan bu yarışın ölkədə qalmasını istəyir. Müqavilənin daha 3 il uzadılması məhz onun göstəricisidir ki, hər iki tərəf bu yarışı keçirməkdə maraqlıdır.