"Xomeynini Humeyradan ayıra bilməyən camaatın cəhalətindən istifadə etdilər"


Dünya 16 Fev 2019 19:31:00 251 0

"Xomeynini Humeyradan ayıra bilməyən camaatın cəhalətindən istifadə etdilər"

XX əsrin ən mühüm hadisələrindən biri hesab olunan İran İslam İnqilabının 40-cı ilində Babək Muğanlı BBC News Azərbaycanca ilə şah dövründə İrandakı həyat, İran İslam İnqilabı zamanı şahidi olduğu hadisələr və öz həbsi ilə bağlı xatirələrini bölüşür. Onunla BBC News Azərbaycanca müxbiri Aygül Mehman danışıb.

İnqilaba aparan yürüşlər başlayır...

O illəri xatırlayanda gözümün önünə insanların necə sevincli olması gəlir. Ancaq o vaxt bilmirdik ki, bu inqilabdan 40 il sonra nələr olacaq.

Mən uşaq idim. Yaxşı yadımdadır, yaşadığımız şəhərdə hər gün nümayişlər olurdu. Məktəbdən çıxıb ora gedirdik. Bir çoxumuz inqilabın nə olduğunu bilmədən yürüşə qoşulmuşduq. Üstəlik, özümüz də tərəkəmə, şahsevən olduğumuza görə, çox məlumatımız yox idi.

Üstəlik, Xomeyninin adını belə bilmirdik. Bilmirdik ki, o kimdir, nəçidir? O vaxta kimi ya kənarda, yaxud da evdə danışarkən onun adını eşitməmişdim. Yaşadığımız kiçik şəhərlərdə Xomeyninin adı heç qulağımıza dəyməmişdi. O, təxminən, 1955-ci ildə hərəkətə keçmişdi ki, oradan da İraqa sürgün olunmuşdu.

İnqilab ərəfəsi - 1978-ci ilin axırları idi. Bir prokuror qohumumuz vardı. Bir dəfə o və başqaları yığışdılar bizə ki, bəs Xomeyni gəlir. Onlar da "Kommunist" və "Tudə" partiyalarından idilər.

Şəhər mərkəzində polis idarəsi vardı. Uşaq idim, təşkil olunmuş yürüşdə mənim də əlimə bir bayraq verdilər. Getdik polis idarəsinin qarşısına, orada silahları gördüm. O vaxta kimi ancaq cəllad əlində silah görmüşdüm. Qorxdum.

Şəhərimizə İranın hər yerindən savadlı adamlar, mühəndislər gəlmişdilər. Bundan başqa, İsraildən, Fransadan, Koreyadan gələn müxtəlif işləri görən adamlar vardı. Amerikalılar da çox idi. Hamısı inqilab ərəfəsində yoxa çıxdılar. Nə baş verdiyini bilmirdik.

Bir neçə ay keçdikdən sonra partiyalar ayrıldı. Təşkilatlar yarandı, "Tudə", "Xalq Mücahid Partiyası" üzə çıxdı. İndi bunların hamısı xatirədir. Günlərlə, aylarla danışsan, bitməz.

"Hakimiyyətə gəlməyəcəm"

2006-cı ildə Azərbaycandan siyasi sığınacaq almış mühacir Babək Muğanlı

Sonra Tehrana getdik. Orada 1980-ci ildə indiki İnqilab meydanından Firdovsi meydanına kimi yolun hər iki tərəfində kitab satılırdı. Yəni hər şey azad idi. 1979-81-ci illərdə açıq bazarlar vardı.

Ondan sonra bunlar başladılar camaatın beyninə dini nəsnələr yeritməyə. Hətta mən o vaxtkı qəzetlərin bəzilərini indi də saxlayıram. Yazırdılar ki, "imam sabah gəlir", "imamın uçağı dayandı" və. s.

Xomeyninin qarşısında dayanmağa o vaxt heç kimin cürəti çatmırdı. Hakimiyyəti dini xarakteri daşısa da...

Lakin o, Fransadan yeni gələndə deyirdi ki, mən hakimiyyətə gəlməyəcəm, prezident olmayacam. "Ümumiyyətlə, heç bir axund, heç bir molla hakimiyyətə gəlməyəcək, prezident olmayacaq".

Ancaq sonradan bütün verdiyi vədlərin əksini etdi.

Şah dövründə

Rza Şah o vaxt İranı atasından təhvil alanda ölkə xaraba idi, heç nə yox idi. Onların hər ikisinin İran qarşısında həm də böyük xidmətləri olub.

İçəridə siyasi təşkilatları boğmaq, onları edam etmək, sürgünə göndərmək, həbsə atmaq bunlar da var idi, ancaq bundan kütlənin xəbəri yox idi. Arxa pərdədə Şah nə cinayətlər edirdi, bizim bundan xəbərimiz olmurdu, amma İran inkişaf edirdi.

İran həmişə dindar ölkə olub. O vaxt Şah dövründə, bizdə məscidlərdə dindarlar namazlarını qılırdılar, biz dəstə ilə məscidə gedirdik.

Hansısa bir gənc araq satılan yerə - meyxanaya araq içməyə gedirdisə, ətrafa baxardı ki, görsün bir ağsaqqal bunu görürmü? Bunu da böyüklərdən ayıbdır deyə edirdilər, qorxudan yox. Fərq isə heç kimin bir-biri ilə işinin olmamasında idi.

O vaxtlar yağ qabları var idi, Tehranda böyük bir ərazidəki evlər həmin o hələbi qablardan tikilmişdi. Sistan-Bəlucistanda haray salırdılar ki, "heç nəyimiz yoxdur" - "su, işıq, qaz yoxdur" deyirdilər. Şah böyük şəhərlərə yetişmişdi, böyük şəhərlər gülüstan idi. Kiçik şəhərlərdə isə işsizlik vardı, çətinlik vardı.

O vaxt fəhlə 100 tümən alardı, indi maaş 100 min qat artıb. Ancaq indi fəhlə 1 milyon tümən də alsa, ailəsini dolandıra bilmir. O vaxt kasıblıq da vardı. Ancaq həm də ucuzluq idi. Dövlət nə qiymət qoyurdusa, malların üstündə də o qiymət olmalı idi. Şah dövründə insanların aldığı maaş onlara çatırdı. İndi bir ailədə yeddi nəfər işləyir, lakin yenə də dolana bilmir.

Babək Muğanlı İran İslam İnqilabı zamanı təşkil olunmuş yürüşdə

Çoxluq bilmirdi ki, nə üçün inqilab edir?

İnqilabdan əvvəlki İranda narkotikə çatımlılıq bu qədər asan deyildi. Hazırda molla rejiminin hakimiyyəti altında İranda narkotik istifadəsi geniş yayılıb. İnstitutlarda da var, hətta məktəblərə qədər gəlib, çatıb. Bu dəqiqə İranı tanımayan istənilən xarici narkotik almağa gəlsin, həmin şəxs dörd yol ayrıclarında, meydanlarda kimdən soruşsa, 15 dəqiqə ərzində İranda narkotik tapa bilər.

Bir boş araq şüşəsinə görə altı ay bir gün həbs cəzası var, üstəlik səksən şallaq və cəriməsi də öz yerində.

Bizdə araq satılan yerə meyxanə deyərdilər. Yadımdadır ki, onların hamısını tökdülər kanala, bağladılar, daşladılar, dağıtdılar.

İnqilab deyildi bu, şuriş - cahilcəsinə atılmış addım idi. İnqilabın bir kitabçası olar, bir tarixçəsi olar. Nə etdiyini anlamayan insanlar birdən-birə ayağa qaldırıldı.

Xomeyni gələndə də onu çıxartdılar aya. Biz Xomeyninin şəklini ayda görürdük. Ayın üstündəki kölgələrə baxıb deyirdik ki, o saqqalıdır, o bığıdır...

Yəni cəhalət bu qədər baş alıb gedirdi. Şaha etiraz edənlər arasında savadlı kəsim də vardı təbii ki. İnqilabdan sonra Xomeyni hamısının "kökünü kəsdi".

Məhdudlaşdırılan azadlıqlar...

1980-81-ci illərdə qadağalar başladı. Meyxanalar hamısı bağlandı. Camaat məcbur oldu hicaba bürünməyə. Məktəblərdə, institutlarda islami təşkilatlar yarandı, orada da azadlıqlar məhdudlaşdırıldı.

Söz azadlığı vardı İranda. Onun qarşısı alındı.

1981-ci ildə müxalifləri kütləvi şəkildə edam etdilər. Xalq Mücahidlərini də o cümlədən.

"Tudə" Partiyasının və digər bütün təşkilatların üzvlərini gətirdilər televiziyaya. "Azad danışıq" adlı verilişdə onları məcbur etdilər "biz 40 ildir Şurəviyə (Sovet Hokumətinə-red.) qulluq, İrana xəyanət etmişik" desinlər.

Hətta o vaxt bir məsəl vardı: "Moskvada yağış yağanda Tehranın kommunistləri zontik (çətir-red.) götürürlər".

Yəni, bütün azad nəsnələrin - toplaşma, ifadə, mətbuat azadlıqlarının qarşısını almağa başladılar. Qəzet-jurnal, televiziyaları bağladılar.

Yadımdadı, Tehran Universitetinin qabağı boyunca - təxminən 1 kilometrlik ərazidə kitab satılırdı. Bir gündə töküldülər, əllərində çomaqla, vurub o kitabların hamısını dağıtdılar. Bir kitabı salamat buraxmadılar.