Uşaqlarda ən çox təsadüf edilən bədxassəli şiş qan xərçəngidir


Digərləri 15 Fev 2019 22:21:00 230 0

Uşaqlarda ən çox təsadüf edilən bədxassəli şiş qan xərçəngidir

Uşaqlarda rast gəlinən onkoloji xəstəliklər 1 faiz təşkil edir. Az rast gəlinməsinə baxmayaraq, sosial və humanizm nöqteyi-nəzərdən çox aktualdır. Dünyada bir il ərzində 300 min uşaq onkoloji xəstəliyə görə qeydiyyata düşür. Azərbaycanda isə bu rəqəm təqribən 350-yə bərabərdir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə rəhbəri ali ixtisas kateqoriyalı onkoloq, tibb elmləri doktoru Reyman İsmayılzadə məlumat verib.

- Həkim, uşaqlarda onkoloji xəstəliklərin yaranmasının səbəbləri nədir?

- Uşaqlarda xərçəng xəstəliyinin yaranmasında genetik səbəblər üstünlük təşkil edir. Böyüklərdə mədə, süd vəzi, prostat, uşaqlıq boynu xərçəngi çox aşkarlanırsa, uşaqlarda həmin klassik xərçəng növlərinə demək olar ki, rast gəlinmir. Klassik xərçəngin, yəni epitelyal törəmələrin yaranma səbəbləri uşaqlara aid deyil. Əlbəttə ətraf mühit amilləri, hamiləlik dövründə ananın sağlamlığı, qidalanması və gigiyenası müəyyən qədər rol oynayır. Lakin uşaqlarda xərçəngin əmələ gəlməsinin əsas səbəbi xromosomlarda olan dəyişikliklər və genlərdə olan mutasiyalardır.

- Uşaqlarda hansı onkoloji xəstəliyə daha çox rast gəlinir?

- Uşaqlarda rast gəlinən onkoloji xəstəliklərin böyük bir qrupunu qanyaradıcı və limfoid toxumaların bədxassəli şişləri - hemoblastozlar təşkil edir. Leykozlar, yəni ağ qan xərçəngi uşaqlarda ən çox təsadüf edilən bütün bədxassəli şişlərin təxminən 28-30, limfomalar isə 13 faizini təşkil edir. Bundan başqa, mərkəzi sinir sisteminin şişləri də çox rast gəlinən şişlər arasındadır - 20 faiz. Oğlanlarda qızlara nisbətən xəstələnmə hallarına nisbətən çox təsadüf edilir. Bu xəstəliklərin erkən aşkarlanması müalicənin daha asan olmasına və sağalma şansının artmasına gətirib çıxarır.

- Leykoz nədir? Hansı əlamətlərlə özünü göstərir?

- Leykoz sümük iliyinin xəstəliyidir. Bu zaman blast transformasiya olunur, trombositlərin və eritrositlərin sayı düşür, leykositlərin sayı kəskin artır. Onların 80 faizi limfoblast leykoz, 20 faizi mioblast leykozdur. Leykoz zamanı dəri solğunluğu, qanaxmaya meyillilik, dəridə petexiyalar, göyərmələr, damaqlardan, burundan səbəbsiz qanaxma, iki həftədən çox davam edən səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, axsama, limfoadenopatiya, nevroloji simptomlar, hepatosplenomeqaliya və s. müşahidə olunur.

- Xəstəliyin diaqnozu asanlıqla qoyula bilirmi?

- Xəstəliyin diaqnozunun qoyulması üçün bir çox xəstələrdə ilk növbədə adi qan analizi kifayətdir. Lakin diaqnozu dəqiqləşdirmək üçün hökmən sümük iliyinin analizi və genetik müayinələr lazımdır. Diaqnozun qoyulması adətən çətin deyil. Valideynlər nə qədər diqqətli olsalar, xəstəlik bir o qədər asan və vaxtında aşkarlanar.

- Leykozdan sağalma şansı nə qədərdir?