İşləyən insanların 700 milyonu yoxsulluq həddində yaşayır


Dünya 15 Fev 2019 02:30:00 235 0

İşləyən insanların 700 milyonu yoxsulluq həddində yaşayır

Dünyada işsizliyin səviyyəsi azalıb, lakin milyonlarla insan çox pis şəraitdə çalışır. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) fevralın 13-də açıqladığı yeni məruzədə belə deyilir. Məruzə əmək bazarında son tendensiyalara həsr olunub.

Sənəddə deyilir ki, 2018-ci ildə dünyada 3,3 milyard insanın işi olub, lakin onların çoxu cüzi əməkhaqqı alıb və ağır şəraitdə çalışıb.

BƏT-in nümayəndəsi Damyan Qrimşou deyib: "Məşğulluq layiqli həyat tərzinin qarantı deyildir. İşləməsinə baxmayaraq 700 milyon insan yoxsulluq və hətta dilənçilik həddində yaşayır".

BƏT yaranmış vəziyyəti "layiqli iş qıtlığı" adlandıraraq xəbərdarlıq edib ki, ölkələrin çoxu dayanıqlı inkişafın səkkizinci məqsədinə 2030-cu ilə kimi nail ola bilməyəcək.

BƏT-in baş direktorunun müavini Debora Qrinfild deyib: "Səkkizinci məqsəd təkcə ümumi məşğulluğa deyil, həm də məşğulluğun keyfiyyətinə aiddir. Bərabərlik və layiqli iş dayanıqlı inkişafın iki əsas amilidir".

BƏT-dən bildiriblər ki, əmək bazarında gender bərabərliyi məsələsində heç bir inkişaf əldə olunmayıb. Qadınların yalnız 48 faizi işləyir. Kişilər arasında bu göstərici 75 faizə bərabərdir. Gənclərin isə 20 faizi nə işləyir, nə də oxuyur.