Quranı anlamağın yolu


Digərləri 14 Fev 2019 21:45:00 210 0

Quranı anlamağın yolu

Təfsir ərəb dilindən tərcümədə "izah etmək, açıqlamaq" mənasını verir. Terminoloji mənada Qurani-kərimə yazılmış şərhlərə təfsir deyilir.

Təfsirlərdə Quran kəlmələrinin lüğə­vi mənası, çətin anlaşılan sözlərin izahı, Quranın ədəbi gözəlliyi, qiraət fərqləri, ayə­lərin nazil olma səbəbləri və ardıcıllığı, ayə­lərin insan tərbiyəsinə və bəşəri təkamülə təsiri, əhkam ayələrinin hökmü, möhkəm və mütəşabeh, nasix və mənsux ayələrin şərhi və s. məsələlər araşdırılır. Müsəlman alim­lər tərəfindən indiyə kimi müxtəlif həcmli (bir cilddən başlayaraq 60 cildə kimi və da­ha artıq həcmdə) minlərlə adda təfsir qələ­mə alınmışdır.

Son.az islam.az-a istinadən bildirir ki, təfsir  sahəsində  ilk  çalışmaların  tarixi Həzrət Mühəmməd Peyğəmbərin (s) səha­bələrinin zamanına gedib-çıxır. Əsasən, Pey­ğəmbərdən eşitdikləri hədislər əsasında Qur­anı təfsir edən səhabələrin ön cərgəsində dörd raşidi xəlifəsi, Abdullah ibn Məsud, Ab­dullah ibn Abbas, Übeyy ibn Kəb, Zeyd ibn Sabit, Əbu Musa Əşəri və Abdullah ibn Zü­beyr dururdular (Süyuti. Əl-Itqan). Səhabələr təfsir zamanı hədislərə istinad etməklə yana­şı, ərəb ədəbiyyatına aid şeir nümunələrin­dən, əhli-kitabın rəvayətlərindən və ictihad nəticəsində əldə etdikləri qənaətlərdən də istifadə edirdilər.

Səhabələrdən sonra tabiin təbəqəsindən olanlar təfsir istiqamətində çalışmaları da­vam etdirmişlər. Bunların sırasında Mücahid, Səid ibn Cübeyr, Ikrəmə ibn Əbu Cəhl, Hə­sən Bəsri, Qətadə xüsusi fərqlənmişlər. Ət­bayi-tabiin dövründən etibarən təfsir sahə­sində müstəqil əsərlər yazılmağa başladı. Bundan əvvəl təfsirlə adətən, mühəddislər (hədis alimləri) məşğul olurdular. Ilk təfsir kitablarının müəlliflərindən bəziləri bunlar­dır: Zeyd ibn Harun Səlmi, Şöbə ibn Həc­cac, Vəki ibn Cərrah, Süfyan ibn Üyeynə, Kəlbi, Əbu Həmzə Sümali, Əban ibn Təğlib, Əbdürrəhman ibn Zeyd ibn Əsləm, Yəhya ibn Ziyad Fərra və b.

Fərranın təfsir sahəsində fəaliyyətə başla­masının maraqlı tarixçəsi vardır. Abbasi xə­lifəsinin sarayında xidmət edən yaxın dost­larından biri ona belə bir məktub yazmışdı: "Xəlifənin vəziri mənə Quran barədə bəzi suallar verib, cavabında aciz qalmışam. Əgər mümkün olsa, mənim üçün Quran təfsirinin əsaslarını yaz, ya da bu mövzuda bir kitab tərtib et ki, ondan istifadə edib suallara ca­vab verim". Fərra məktubu alınca, tələbələ­rini və katibləri başına toplayıb məscidə ge­dir. Məsciddə Quran oxumaqla məşğul olan bir hafizi yanına çağırıb, Quranı əvvəldən-axıra ayə-ayə oxumasını xahş edir. Hafiz "bismillah" ayəsindən başlayır. Fərra onun oxuduğu hər ayə barədə bildiklərini ətrafın­dakılara söyləyir. Katiblər onun dediklərinin hamısını qələmə alırlar. Rəvayətə görə, bu təfsir elə nadir və qiymətli əsərə çevrilmişdi ki, onu qələmə alan katiblər hər səhifəsini bir dirhəmə satırdılar. Təfsiri pulsuz əldə etməyə çalışan elm həvəskarları müəllifə şi­kayət edirlər. Fərra katiblərin acığına daha geniş və əhatəli bir təfsir mühazirəsinə baş­layır. Beləliklə, dörd cildlik həcmə malik olan bütöv Quran təfsiri yaranır. Fərranın təfsiri əsas etibarilə Quranın ədəbi incəlik­lərinin şərhini əhatə edirdi və ərəb dili qrammatikasının qaydaları baxımından yazıl­mışdı. Bu dövrdə şiə alimlərindən Fürat Kufi, Əli ibn Ibrahim Qummi, Nömani də təfsir kitabları yazmışlar. XI Imam Həsən Əsgəriyə aid edilən məşhur təfsir də bu dövrün məhsuludur. Kütübüs-sittəyə daxil olan kitablardan birinin müəlifi Ibn Macənin də təfsir kitabı vardı.

Hicri IV (miladi X) əsrin əvvəllərindən etibarən, təfsir elmi böyük sıçrayışla inkişaf etməyə başladı. Bu dövrün təfsirləri arasında Təbərinin qələmə aldığı fundamental həcmli "Cameül-bəyan fi təfsiril-Quran" əsəri, Sə­ləbinin "əl-Kəşfü vəl-bəyan ən təfsiril-Qur­an" kitabı, şiə məzhəbli Mühəmməd ibn Məsud Əyyaşinin, zeydi məzhəbli Ibn Üqdə Əhməd ibn Mühəmməd Kufinin təfsirləri böyük əhəmiyyətə malikdir.

Sonrakı əsrlərdə Bəğəvi ("Məalimüt-təf­sir"), Ibn Kəsir ("Təfsirül-Quranül-əzim"), Süyuti ("əd-Dürrül-mənsur" və "Cəlaleyn"), Şövkani ("Fəthül-qədir"), Qazi Beyzavi ("Ən­varüt-tənzil və əsrarüt-təvil"), Imam Fəxr Razi ("Məfatihül-ğeyb"), Zəməzşəri ("əl-Kəşşaf"), Əbu Həyyan ("əl-Bəhrül-mühit"), Qürtübi ("əl-Came li-əhkamil-Quran"), Alusi ("Ruhül-məani"), Ismail Həqqi Əfəndi ("Ruh­ül-bəyan"), Nəsəfi ("Mədariküt-tənzil və məaniyüt-tənzil"), Nişaburi ("Qəraibül-Qur­an və rəğaibül-fürqan"), Təntavi ("əl-Cəva­hir"), Seyid Rəşid Riza ("əl-Mənar"), Seyid Qütb ("Fi zilalil-Quran"), Şeyxüt-taifə Tusi ("ət-Tibyan"), Əllamə Təbrisi ("Məcməül-bəyan"), Əbul-Fütuh Razi ("Rəvzül-cinan və rəvhül-cənan"), Feyz Kaşani ("Safi", "Əsfa" və "Müsəffa"), Həvizi ("Nurüs-səqəleyn"), Seyid Abdullah Şübbər ("Təfsirü Şübbər"), Əllamə Təbatəbai ("əl-Mizan"), Cəvadi Amuli ("Təsnim"), Nasir Məkarim Şirazi ("Təfsiri-nümunə", Şeyx Fəzlüllah ("Min vəhyil-Qur­an") və başqa müəlliflərin qələmə aldıqları təfsirlər Islam dünyasında məşhurdur.