Dörd nəfər başqasının yerinə imtahan vermək istədi


Digərləri 14 Fev 2019 18:29:00 210 0

Dörd nəfər başqasının yerinə imtahan vermək istədi

Dövlət İmtahan Mərkəzinin fevralın 10-da keçirilən sınaq imtahanında 4 nəfər başqasının yerinə imtahana girməyə cəhd edib.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, fevralın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun keçirilən sınaq imtahanında Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub.

Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Fevralın 10-da keçirilən imtahan sınaq imtahanı olsa da, 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdi müəyyən olunub. Abituriyentlərin və onların valideynlərinin nəzərinə çatdırırıq ki, qeyd olunan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.