İcma rəhbəri: İşğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin "nümayəndəsi" danışıqlar prosesinə xələl gətirir


Digərləri 13 Fev 2019 15:46:49 186 0

İcma rəhbəri: İşğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin "nümayəndəsi" danışıqlar prosesinə xələl gətirir

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndəsi" Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin nümayiş etdirdiyi konstruktiv mövqeyə baxmayaraq, səsləndirdiyi növbəti fikirləri ilə aparılan vasitəçilik səyləri və danışıqlar prosesinə xələl gətirir.

Bakı. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndəsi" Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin nümayiş etdirdiyi konstruktiv mövqeyə baxmayaraq, səsləndirdiyi növbəti fikirləri ilə aparılan vasitəçilik səyləri və danışıqlar prosesinə xələl gətirir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib. Özünü Dağlıq Qarabağda yaradılan qanunsuz rejimin qondarma "xarici işlər naziri" kimi təqdim edən Masis Mailyanın fikirlərini şərh edən icma rəhbəri vurğulayıb ki, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qanunsuz rejimin Dağlıq Qarabağın azərbaycanlı icmasının öz əzəli torpaqlarına geri dönüşünə mane olması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının əsarət altında saxlanılması müstəvisində hansı sülhdən danışmaq olar: "Masis Mailyana xatırlatmaq lazımdır ki, Ermənistandan fərqli olaraq Azərbaycan, müxtəlif etnik nümayəndələrin daim sülh, birgə və mehriban qonşuluq şəraitində yaşadığı yer olmuşdur. Erməni təcavüzündən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmaların birgə mövcudluğu bunun bariz nümunəsidir. Lakin nədənsə iki icmanın sülh şəraitində mövcudluğu Masis Mailyan kimilərinin xoşuna gəlmədi. Azərbaycana qarşı aparılan hərbi təcavüz, erməni millətçiləri tərəfindən təşviq edilən etnik nifrət siyasəti yüzminlərlə azərbaycanlının öz torpaqlarından qovulması və öldürülməsi ilə nəticələndi. Britaniyalı journalist Tomas de Vaalın "Qarabağ" kitabında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan tərəfindən Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikir heç kəsin yadından çıxmayıb: "Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik". Təkcə bu faktı qeyd etməklə etnik nifrət və düşmənçilik hisslərinin haradan qaynaqlandığını müəyyən etmək elə də çətin deyil.