Azərbaycan-Niderland iqtisadi əlaqələri müzakirə edilib


Digərləri 12 Fev 2019 20:46:00 239 0

Azərbaycan-Niderland iqtisadi əlaqələri müzakirə edilib

Şahin Mustafayev Niderland Senatının sabiq sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Rene Van der Lindenin Azərbaycan-Niderland əlaqələrinin inkişafına töhfələr verdiyini vurğulayan Ş.Mustafayev ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrindəki xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini xatırladıb. Azərbaycan-Niderland iqtisadi-ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdıran nazir qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini vurğulayıb. Görüşdə ölkələrimizin kənd təsərrüfatı, sənaye, kimya, ekologiya və s. sahələrdə əməkdaşlıq etdiyi, ötən il ticarət dövriyyəsinin artdığı, iqtisadi əlaqələrin genişlənməsində biznes forumların, işgüzar görüşlərin rolu qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda xidmət, tikinti, nəqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrində 130-a yaxın Niderland şirkəti qeydiyyatdan keçib. Ötən il istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Baş Planı və ümumi layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb, Niderland şirkətləri ilə Abşeronda göllərin, o cümlədən, Böyükşor gölünün bərpası sahəsində əməkdaşlıq edilib. Azərbaycanın artan tranzit imkanları, bu sahədə reallaşdırılan mühüm layihələr - Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Dəniz Ticarət Limanı, beynəlxalq hava limanları tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır.