Əlillər, müharibə veteranları və qadınların rifahını yaxşılaşdıracaq yeni layihə imzalandı


Digərləri 12 Fev 2019 16:54:00 271 0

Əlillər, müharibə veteranları və qadınların rifahını yaxşılaşdıracaq yeni layihə imzalandı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondu 3000-ə yaxın qadın, əlilliyi olan şəxs və Dağlıq Qarabağ müharibəsinin veteranlarının yaşayış rifahının yaxşılaşdırılması məqsədini daşıyan iki illik proqram imzalayıblar.

BMT İP-nin Azərbaycan nümayəndəliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin təşəbbüsü ilə hazırlanmış bu proqram əlilliyi olan şəxslər və müharibə veteranlarının həyatını yaxşılaşdırmaq üçün əhatəli siyasət irəli sürməyə imkan verəcəkdir. Bu təşəbbüs nəticəsində, əlilliyi olan qadınlar və qızlar, habelə müharibə veteranlarının xüsusi ehtiyacları və potensialları barədə kəmiyyət və keyfiyyət əsaslı məlumatların əlçatanlığı yaxşılaşdırılacaq, əlilliyi olan şəxslərə qarşı qınaq və ayrı-seçkiliyi azaltmaq üçün ictimai düşüncələrin dəyişməsi təşviq ediləcək.

Azərbaycan hökuməti, BMTİP və BMT-nin Əhali Fondu tərəfindən birgə maliyyələşdirilən bu yeni proqram təxminən 1 milyon ABŞ dolları dəyərindədir və müharibə dövrünün ağır travmalarını yaşamış insanların da daxil olduğu 3 minə qədər həssas təbəqədən olan insanların fərdi və peşəkar inkişafı və maddi rifahı üçün əlçatan və əhatəli bir mühitin yaradılmasını təmin edəcəkdir.

Əhalisinin 6 faizindən çoxunu əlilliyi olan insanların təşkil etdiyi bir ölkə olaraq, Azərbaycanda həmçinin 50000-dən artıq insan Dağlıq Qarabağ müharibəsinin ağır nəticələrindən əziyyət çəkərək həm fiziki, həm də mənəvi travmanın qurbanı olub. Məhz bu insanların həyatını dəyişə biləcək qüvvəsi olan yeni layihənin qarşısında mühüm məsələlər durur. Layihə çərçivəsində müasir informasiya və kommunikasiya texnologiyaları vasitəsilə cəmiyyətin həssas təbəqələri üçün bilik, məlumat və məşğulluq imkanlarını genişləndirmək məqsədilə əlilliyi olan qadınlar və müharibə veteranları üçün Bacarıqların İnkişafı və Təlim üzrə Virtual Laboratoriyanın (V-Laboratoriya) yaradılması nəzərdə tutulur. Əlilliyi olan insanların sosial inteqrasiyası və ümumilikdə cəmiyyətdə inkluzivliyi təşviq etmək məqsədi ilə Bakıda nümunəvi incəsənət məktəbi yaradılacaq. Burada əlilliyi olan və əlil olmayan qadınlara və müharibə veteranlarına innovasiya, start-up və biznesin inkişafı sahəsində geniş çeşidli platformalar təklif olunacaq.

Bundan başqa, əlilliyi olan şəxslərə qarşı stiqmanı aradan qaldırmaq üçün bir sıra maarifləndirmə, təbliğat və ictimai maraqların  qorunması kampaniyaları təşkil olunacaq. Ölkənin qərarverici şəxsləri, yüksək səviyyəli məmurlar, millət vəkilləri, işəgötürənlər və yerli icmalar arasında əlilliyi olan şəxslər üçün inkluziv şəraitin, infrastrukturun və imkanların yaradılması, habelə bunu dəstəkləyən siyasətin və ictimai münasibətin əhəmiyyəti aşılanacaq.