“Guya bilmirdiz ki, 100 manata “Gucci” çantası olmaz?!...” Bakının "Brend" mağazaları təşviş içində


Digərləri 07 Fev 2019 19:29:00 352 0

“Guya bilmirdiz ki, 100 manata “Gucci” çantası olmaz?!...”  Bakının "Brend" mağazaları təşviş içində

Xəbər verildiyi kimi bu günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları  tərəfindən Bakıda "brend mallar" mağazası kimi məşhurlaşmış "Lady Sharm" mağazalar şəbəkəsinin bir qrup əməkdaşı saxlanılıb.

Bəlli olub ki, Çindən gətirilən mallara gizli sexlərdə "Chanel", "Fendi", "Dolce & Gabbana", "Valentino", "Christian Dior" kimi tanınmış firmaların saxta etiketi vurulandan sonra mağazalarda dəyərindən dəfələrlə baha qiymətə satılırmış. Habelə bu mafiozlar özləri Bakıda gizli sexlər açaraq geyimlər istehsal edib, onların üzərinə məşhur brendlərin etiketlərini vuraraq maya dəyərindən on dəfələrlə baha satıb.

Qeyd edək ki, yerli telekanallarda hər gün reklam edilən mağazalar şəbəkəsinin müştəriləri  arasında şou-biznes əhli də var. Belələləri hər gün "efirlərdə", müxtəlif iyrənc şou proqramlarda "Lady Sharm" mağazalarından aldıqları "bahalı" geyimləri ilə öyünürdülər.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, uzun illərdir müştəriləri aldadan mağazalar şəbəkəsi "Bandotdel"in keçirdiyi əməliyyata baxmayaraq hələ də fəaliyyətdədir, sex malları müsadirə edilsə də, tanınmış brendlərin reklamları vitrinlərdən yığışdırılmayıb.

"Gucci" çantası 100 manata?

...Metronun "Neftçilər" stansiyasının yaxınlığındakı "Lady Sharm" mağazasında bütün mallara hazırda 50 faiz endirim təklif edilir. Satıcılar deyirlər ki, "Chanel", yaxud "Christian Dior" firmasından olmasa da, geyimlər İtaliya və Türkiyədən gətirilib. "Sexlərdə etiketi dəyişdirilmiş mallar artıq yığışdırılıb", -mağazanın özünü təqdim etməyən satıcısı bizi müştəri zənn edib məlumat verir.

Ayaqqabı və çanta bölməsində məşhur brendlərin reklamları sökülməyib, satıcı bununla bağlı sualımıza bir qədər sərt cavab verir: "Guya bilmirdiz ki, 100 manata "Gucci" çantası olmaz? Yaxud  50 manata təmiz dəri ayaqqabı almaq istəyirdiz? Nə fərqi var, əsas keyfiyyəti yaxşı olsun".

Alıcılardan biri  yun köynəyi noyabrda 157 manata aldığını, indi isə 35 manata endirilmə səbəbini soruşur. Satıcı deyir ki, payız-qış mövsümünün mallarına endirim var, yeni mallar gətirilməlidir.

"Siz bizim mağazalardan mal almısız",-satıcı müştərini sakitləşdirmək üçün bizdən kömək gözləyir. Cavab veririk ki, bu mağzada brend mallar satıldığına əmin olmamışıq.

"Müğənni zəng vurub deyir ki,  biabır olmuşam..."

Satıcılardan biri səs-küylü xəbərlərdən şikayətlənir. Deyir ki, dünən mağazanın müştərisi olduğu müğənnilərdən biri zəng vurub biabır olduğunu deyib. "Baxırsan, yalnız brend firmaların adını eşidiblər, amma biabrıçılıqdan danışırlar. Malın keyfiyyətinə fikir verin, brend olub-olmadığını neyləyirsiz", - satıcı deyinir.

Deyirlər ki, rəhbərliyin hansısa əməlinə görə satıcıları qınamaq, onlara əsəbləşmək doğru deyil. "Gedin, digər mağazalara da baş çəkin, hamı belə işləyir, etiket dəyişdirilib satılır, çünki Türkiyədən, İtaliyadan, Fransadan gətirilmiş tullantını Çinin fabrik mallarından üstün tuturlar", -satıcı əlavə edir.


Xəbərə aid fotolar