“Qırmızı Körpü” gömrük postunda mobil səyyar hospital xidmətə başlayıb


Digərləri 06 Fev 2019 19:48:53 175 0

“Qırmızı Körpü” gömrük postunda mobil səyyar hospital xidmətə başlayıb

Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində müvafiq sanitar-profilaktik tədbirləri həyata keçirilir.

Bakı. Son vaxtlar Gürcüstanda qənaətbəxş olmayan epidemik vəziyyətin yaranması ilə əlaqədar Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində müvafiq sanitar-profilaktik tədbirləri həyata keçirilir. Komitədən Trend-ə verilən məlumata görə, bu işə cavabdeh olan Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi müvafiq öhdəliyin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atır. Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü”, “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi üçün DGK sədrinin sərəncamı ilə Komitənin Tibbi Xidmət İdarəsinə də müvafiq tapşırıqlar verilib. Həmin sərəncama əsasən Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti Gürcüstanla dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinə ezam olunub. Qeyd edək ki, Tibbi Xidmət İdarəsi tərəfindən Gürcüstanla sərhəddə yerləşən bütün sərhəd buraxılış məntəqələrində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.