Sumqayıtda ÜDM istehsalı 35 faiz artıb, 7 min yeni iş yeri yaradılıb


Digərləri 06 Fev 2019 19:29:00 223 0

Sumqayıtda ÜDM istehsalı 35 faiz artıb, 7 min yeni iş yeri yaradılıb

Sumqayıtda ümumi daxili məhsul (ÜDM) istehsalı 35 faiz artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

Qeyd olunub ki, 2018-ci ildə ümumi daxili məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub. Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. İl ərzində hamısı daimi olmaqla 7000 yeni iş yeri yaradılıb, muzdla işləyən işçilərin orta aylıq əməkhaqqı 500 manat həddini ötüb.

Ötən ilin iyul ayında dövlət başçısı ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polimer" MMC-nin Polipropilen istehsalı zavodunun açılışında iştirak edib. Kanada və Avstriya texnologiyası əsasında ildə 180,0 min ton məhsul istehsalı edəcək zavodda 500 nəfər işlə təmin edilib.

Prezident İlham Əliyevin Sumqayıta noyabrda növbəti səfəri zamanı Kimya Sənaye Parkında İsveçrə və Türkiyə texnologiyaları əsasında 3,5 milyon dollar dəyərində 100 faizli xarici investisiya hesabına inşa edilmiş ilkin mərhələdə 40 min ton tikinti qatqıları istehsal edəcək İnşaat kimyəviləri zavodunun, İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək, investisiya dəyəri 51 milyon dollar olan Əlvan metallar və ferroərintilər zavodunun və Böyük Britaniya, Almaniya, İtaliya texnologiyaları əsasında qurulan, ildə 11 milyard ədəd siqaret istehsal edəcək "Tabaterra" tütün məmulatları fabrikinin açılışlarında iştirak edib. Bu müəssisələrdə 500 yeni iş yeri yaradılıb.

Həmçinin qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində inşa olunmuş "SOCAR Karbamid" zavodunun bu il yanvarın 16-da ölkə rəhbərinin iştirakı ilə açılışı olub. Zavodda 500 nəfər daimi işlə təmin ediləcək. Bu, müstəqillik tarixində Sumqayıtda ən böyük layihədir.

Sumqayıt Kimya Sənaye Parkında mövcud 18 rezidenti üzrə layihələrin investisiya dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir. Bunlardan 3 milyard dolları artıq layihələrə yatırılıb. Fəaliyyətdə olan müəssisələrin sayı 11-ə çatıb. İstehsalat və tikinti-quraşdırma işlərində 3 mindən çox işçi çalışır.