Vəkilliyə imtahanla bağlı məhdudiyyət aradan qaldırılır


Digərləri 06 Fev 2019 11:06:00 195 0

Vəkilliyə imtahanla bağlı məhdudiyyət aradan qaldırılır

Bununla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir

Azərbaycanda vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.

Son.az report-a istinadən bildirir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.

Qanunun 13-cü (Vəkillərin İxtisas Komissiyası) maddəsinin VIII hissəsinə əsasən, ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər.

Dəyişiklik isə belədir: "İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra 1 il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz".

Layihədə qeyd olunub ki, vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir.