Azərbaycanda yaşı 15-dən aşağı olan uşaqların 91,9 faizi internet istifadəçisidir


Digərləri 05 Fev 2019 11:58:00 229 0

Azərbaycanda yaşı 15-dən aşağı olan uşaqların 91,9 faizi internet istifadəçisidir

Təhlükəsiz İnternet Günündə UNICEF rəqəmsal məkanın təhlükəsiz şəkildə mənimsənməsində Azərbaycan uşaqları və gənclərinə hamımız tərəfindən kömək göstərməyin vacib olduğunu bildirir

Bakı. Təhlükəsiz İnternet Günündə əldə olunmuş yeni məlumatlara əsasən Azərbaycanda internetdən istifadə edən 15-24 yaşlı gənclərin 97,5%-i üçün potensial risk təşkil edən amillər internetdə zorakılıq, kiber-qorxutma və rəqəmsal təqib hallarından ibarət olduğundan BMT-nin Uşaq Fondu (UNICEF) cəlbedici və məlumatlı rəqəmsal məkanın təhlükəsiz və səmərəli şəkildə mənimsənməsi üçün Azərbaycan uşaqları və gənclərinə münasib şərait yaratmaq məqsədilə daha çox səy göstərməyə təkidlə çağırır. Trend-in məlumatına görə, bu cür çağırış UNICEF-in gənclər arasında sonuncu qlobal rəy sorğusundan irəli gəlir ki, həmin vaxt tələbələr tərəfindən dünya üzrə aparılmış “#ENDviolence Youth Talks” (#ZorakılığaSON) mövzusunda gənclərarası silsilə müzakirələr zamanı beş həftə ərzində 1 milyondan çox cavab və təklif qəbul edilib. Belə bir təşəbbüs vasitəsilə gənclər onları xüsusən qorxutma və kiber-qorxutma hallarından qorumaq üçün valideynlərin, müəllimlərin və siyasət hazırlayanların hansı işlər görə biləcəyi barədə düşünülmüş cavablar veriblər. UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, biliklər əldə etmək, başqa mədəniyyətlərlə tanış olmaq, yeni insanlarla görüşmək, öz yaradıcı imkanlarını və düşüncələrini ifadə etmək baxımından internet uşaqlar və gənclər üçün hədsiz imkanlar yaratsa da, biz bu cür cəlbedici rəqəmsal məkanda qorxutma, ayrı-seçkilik, nifrət, istismar və sui-istifadə kimi hallardan ibarət risklər barədə də məlumatlıyıq. Məhz bu səbəbə görə Təhlükəsiz İnternet Günündə UNICEF uşaqlarımızın internetdə təhlükəsizliyi məsələsinə qayğı göstərən bütün insanları hər bir uşaq üçün daha təhlükəsiz və inklüziv rəqəmsal məkanın yaradılmasında iştirak etməyə təkidlə çağırır. YUNESKO-nun yüksək gəlirli ölkələrdə kiber-qorxutma hallarının yayılması barədə 2017-ci il tarixli məlumatlarına əsasən bu cür halların təsirindən əziyyət çəkən uşaqların və yeniyetmələrin nisbəti 5-21% civarlarında dəyişir və oğlanlarla müqayisədə qızların kiber-qorxutma hallarına daha çox məruz qalması ehtimalı yüksəkdir.