İsveçdə əlverişsiz hava şəraiti çoxsaylı problemlər yaradıb


Dünya 04 Fev 2019 22:20:00 256 0

İsveçdə əlverişsiz hava şəraiti çoxsaylı problemlər yaradıb

İsveçdə güclü qar yağması və küləkli hava şəraiti aviareyslərin ləngiməsinə, ictimai nəqliyyatla bağlı problemlərə, yolların bağlanmasına və elektrik enerjisi verilişində fasilələr yaranmasına səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, güclü qar yağması Krallığın nəqliyyat sisteminə ciddi zərər vurub. İsveç Nəqliyyat İdarəsi hava şəraitini nəzərə alaraq avtomobil sürücülərinə ehtiyatlı olmağı məsləhət görüb. Onlara xəbərdarlıq edilib ki, yol kənarındakı ağaclar yıxılıb küçənin hərəkət hissəsinə düşə bilər, görmə məsafəsi pisləşib, yollar buz bağlayıb. Bundan əlavə, vətəndaşlara məsləhət görülüb ki, zərurət olmadığı hallarda şəxsi avtomobillərdən istifadə etməsinlər, ikinci dərəcəli yollardan deyil, qardan təmizlənmiş magistral yollardan istifadə etsinlər.

Bununla belə, ötən bazar günü Stokholmun şəhərətrafı zonasının elektrik təchizatında fasilələr üzündən minlərlə insan zərər çəkib. Ekeryö və Valyentuna rayonlarında təqribən 1200 ev təsərrüfatı, Stokholmun özündə isə 3800-ə yaxın ev təsərrüfatı elektrik təchizatında fasilələrlə üzləşib.