Şəhidin həyat yoldaşı: "Bizə ən böyük dəstək dövlət oldu"


Digərləri 01 Fev 2019 23:47:00 303 0

Şəhidin həyat yoldaşı: "Bizə ən böyük dəstək dövlət oldu"

"Allah heç bir ailəni atasız, heç bir evi başsız eləməsin. Mən lap gənc yaşlarımdan onun hər üzünü görmüşəm. Həyat yoldaşım şəhid olanda cəmi 33 yaşı var idi. Kiçik qızım səkkiz aylıq idi, ondan böyük qızım hələ yeriyib-yüyürə bilmirdi. Nə Ağa onları doyunca əzizləyə, oxşaya bildi, nə qızlarım ata nəfəsi duydu. Üç qızdan ibarət ailəni saxlamağın, onları böyüdüb boya-başa çatdırmağın çətinliyini yəqin ki, hər kəs başa düşər. Amma mən həmişə elə hesab elədim ki, Ağa ölməyib, o, haradasa bizi görür, bizi izləyir, bəlkə də harasa səfərə gedib, nə vaxtsa qayıdıb gələcək. Onu həmişə yanımızda, ətrafımızda hiss edirik. Bəzən buna inandım, bəzən özümü aldatdım, hər halda hər necə olsa da, bu cür düşünmək ailəmizi sınmağa, əyilməyə qoymadı. Şükür ki, həmin günlər arxada qalıb, uşaqlarım böyüyüb", - deyə 1993-cü il dekabrın 10-da Füzuli rayonun kəndlərini erməni hücumundan qoruyarkən şəhid olan Milli Ordunun döyüşçüsü Ağa Qocayevin həyat yoldaşı Vəsilə Qocayeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

O, Prezident İlham Əliyevin şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmələrlə təmin olunması, eləcə də son günlər şəhid ailələrinə verilən aylıq müavinətlərin artırılması barədə Fərmana da münasibət bildirib: "Kim olursansa ol, sənin əməyin, sənin fədakarlığın yerdə qalmamalıdır. Mən həmişə yaxşı adamlardan, xeyirxah insanlardan dəstək gördüm. Şübhəsiz ki, ən böyük dəstəyimiz Azərbaycan dövləti olub. Əgər bu dəstək olmasaydı, üç qız övladından ibarət ağır bir külfəti dolandırıb ayaqda dura bilməzdim. Bu mənada mən dövlət başçısı İlham Əliyevə, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğı üçün minnətdaram. Ailəmiz Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən, həyatını qurban verən şəhidlərə göstərdiyi bu münasibəti, onların vərəsələrinə göstərdiyi maddi və mənəvi dəstəyi alqışlayır. Bu cür qayğıkeş və humanist münasibət heç kəsi biganə qoya bilməz".


Xəbərə aid fotolar