Qızılca, məxmərək və suçiçəyi fərqli əlamətlərə malikdir


Digərləri 01 Fev 2019 23:24:00 357 0

Qızılca, məxmərək və suçiçəyi fərqli əlamətlərə malikdir

İnfeksion xəstəlik olan suçiçəyi, qızılca və məxmərək səpgili olduğuna görə bir-birinə bənzəyir. Lakin onların arasında ciddi fərqlər var.

Son.az bildirir ki, paytaxtdakı 26 nömrəli Birləşmiş Uşaq Xəstəxanası uşaq poliklinikasının həkim-infeksionisti Aytən Ziyadova AZƏRTAC-a deyib: "Suçiçəyi səpgiləri tək-tək əmələ gəlsə də, hər birinin ucunda suluqlar olur. Həmin səpgilər saçın dibi, selikli qişa, ağız boşluğu və gözün içərisinə də çıxa bilər. Qaşıntılı olan səpgilər bütün bədəni bürüyür.

Qızılcada isə proses tam fərqlidir. Qızılcanın xarakterik xüsusiyyəti isə qrip əlamətləri ilə başlayır, işığa baxa bilməmə, ağızda, yanağın iç səthində ağ ləkələrin olması diaqnostika üçün əhəmiyyətlidir. Həmin xəstəlik zamanı səpgilər əvvəlki dövrdə üç-dörd gün uşaqda yüksək qızdırma olur və sonra səpgilər başlayır. Səpgi əvvəlcə üzdə, ikinci gün bədəndə, üçüncü gün ayaqlarda olur. Qızılca çəhrayı səpgilərlə başlasa da, sonradan qırmızıya çevrilir".

O, məxmərək xəstəliyi haqqında isə bunları söyləyib: "Qızılcadan fərqli olaraq məxmərək zamanı xəstənin yüksək hərarəti olmur. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, başağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan 5-10 mm ölçüsündə olan qırmızımtıl ləkələr şəklində səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər heç bir iz qoymadan yox olur. Məxmərək zamanı ənsə və boyundakı limfa düyünlərinin əllənməsi mühüm diaqnostik əlamət daşıyır".