“AzerGold” QSC-də 2018-ci ilin yekunları müzakirə olunub


Digərləri 01 Fev 2019 11:08:11 406 0

“AzerGold” QSC-də 2018-ci ilin yekunları müzakirə olunub

“AzerGold” QSC-nin baş ofisində 2018-ci ilin yekunlarına həsr olunan geniştərkibli iclas keçirilib.

Bakı. “AzerGold” QSC-nin baş ofisində 2018-ci ilin yekunlarına həsr olunan geniştərkibli iclas keçirilib. QSC-dən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı haqqında geniş söhbət açıb. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin ölkə ərazisində fəaliyyət göstərən hər bir müəssisənin inkişafı üçün münbit şərait yaratdığını bildirən sədr, 2018-ci ilin ölkəmiz kimi “AzerGold” QSC üçün də uğurlu olduğunu vurğulayıb. Ötən il Cəmiyyət tərəfindən Çovdar yatağından 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib ki, bu da 2018-ci il üçün müəyyən olunan hasilat planını üstələyərək, 2017-ci il qızıl hasilatı üzrə göstəricilərdən 34%, gümüş hasilatı üzrə göstəricilərdən 53% çoxdur. İclasda, həmçinin hasilatın daha da optimallaşdırılması və yeni texnologiyaların tətbiqi müzakirə olunub. Bildirilib ki, “AzerGold” QSC tərəfindən davamlı olaraq həyata keçirilən optimizasiya işləri və müasir texnologiyaların tətbiqi sayəsində qızıl hasilatının maya dəyəri aşağı düşüb. Qiymətli metalların tükənən sərvət olduğu nəzərə alınaraq Cəmiyyət tərəfindən perspektivli istiqamətlərdə kəşfiyyat və tədqiqat işləri davam etdirilir. 2018-ci ildə “AzerGold” QSC tərəfindən yeraltı (sulfid) filizlərin ehtiyatlarını artırmaq məqsədi ilə Daşkəsən rayonunda yerləşən Çovdar yatağında, Çovdar yatağının yaxın cinahında yerləşən və “AzerGold” QSC-nin geoloqları tərəfindən ötən il kəşf olunmuş Ağyoxuş qızıl təzahürü sahəsində, Göygöl inzibati rayonunda yerləşən Tülallar sahəsində, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli mis-qızıl filizi sahəsində ümumilikdə 17 min metrədək buruq-qazma işləri aparılmış, metallurji, laborator, geotexniki, hidroloji tədqiqatlar həyata keçirilmiş, Filizçay polimetal yatağı üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanmışdır. Aparılan tədqiqat və kəşfiyyat işlərinin məntiqi nəticəsi olaraq “AzerGold” QSC-nin istifadəsində olan sahə və yataqlar üzrə əlvan və qiymətli metal ehtiyatları beynəlxalq qiymətləndirmə standartları çərçivəsində təsdiqlənmiş, 2016-cı ilə nisbətdə 20 dəfəyə yaxın artıma nail olunmuşdur. Tədbirdə, həmçinin cari il üçün hasilat planı da müzakirə olunub. 2019-cu ildə “AzerGold” QSC tərəfindən Çovdar yatağının yerüstü (oksid) istismar mərhələsi çərçivəsində hasilat planına uyğun olaraq 50 min unsiya qızıl və 87 min unsiya gümüşün hasil edilməsi nəzərdə tutulub ki, bu da 2018-ci ilin qızıl hasilatından 10%, gümüş hasilatından 13% çoxdur. Qeyd edilənlərlə yanaşı, “AzerGold” QSC dağ-mədən sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək, uzunmüddətli strateji hədəflərə nail olmaq üçün aparılan kəşfiyyat işləri ilə yanaşı, keçmişdə görülmüş tədqiqat və kəşfiyyat işləri sənədlərini tədqiq edir, onların beynəlxalq standartlara uyğun rəqəmsallaşdırılması, habelə iqtisadi səmərəliliyini qiymətləndirmək üçün müvafiq işlər aparır. Bu istiqamətdə görülən tədbirlər bu il də davam etdiriləcək. 2018-ci il fəaliyyətin elektronlaşdırılması nöqteyi-nəzərdən də “AzerGold” QSC üçün uğurlu olub. Belə ki, 2018-ci ildə “AzerGold” QSC-də maliyyə, təchizat, insan resursları və anbar təsərrüfatı üzrə mərkəzləşdirilmiş elektron sistem yaradılıb, elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlanılıb. Bu, sənəd dövriyyəsinin sürətləndirilməsi və Cəmiyyətin fəaliyyətinin elektronlaşdırılması ilə yanaşı, şəffaflığın təmin edilməsinə də öz əhəmiyyətli töhfəsini verəcək.