Heydər Əliyev Mərkəzində “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib FOTO


Digərləri 31 Yan 2019 22:14:00 481 0

Heydər Əliyev Mərkəzində “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib  FOTO

Yanvarın 31-də Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsinin təqdimatı olub.

Son.az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev təmsil etdiyi qurumun fəaliyyəti, təhsil, səhiyyə, ekologiya və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, İctimai Birliyin təhsil sahəsində həyata keçirdiyi növbəti layihə ölkəmizdə inklüziv təhsilin inkişafına, qeyd olunan sahədə müəllimlərin tədris imkanlarının və pedaqoji resursların təkmilləşdirilməsinə xidmət edən "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsidir.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Strategiyanın 5 illik icra müddətində şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, insan resurslarının müasirləşdirilməsi, müasir idarəetmə sisteminin formalaşdırılması, təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsi istiqamətlərinin hər biri üzrə müsbət nəticələr əldə olunub. Dövlət Strategiyasında və müvafiq Tədbirlər Planında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramının qəbul edilməsi ilə bağlı məsələlər də öz əksini tapıb.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiya əlilliyi olan şəxslərin digər hüquqları kimi, təhsil hüquqlarının da bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. Azərbaycan da daxil olmaqla üzv dövlətlərin "Əlillərin hüquqları haqqında" Konvensiyadan irəli gələn öhdəliklərindən biri əlil şəxslərin inklüziv təhsilə cəlb olunması məsələsidir.

İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Əlilliyi olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və təlim prosesində birgə iştirak etdikdə, onlar bir-birinə qarşı anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər.

Nazir müavini Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq bir sıra təşəbbüslərin olduğunu diqqətə çatdırıb. Bildirilib ki, "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)" çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı UNESCO-nun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot layihənin icrasına başlanılıb. Layihələrin icrası müddətində 15 ümumtəhsil məktəbi və 13 məktəbəqədər təhsil müəssisəsində 268 əlil uşaq inklüziv təhsilə cəlb edilib. Layihələrin müddətinin bitməsinə baxmayaraq, inklüziv təhsilə cəlb olunmuş digər şagirdlər müəssisələrdə bu gün də təhsillərini davam etdirirlər.

2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsil sahəsində görülmüş işlər və beynəlxalq təcrübə təhlil edilib, nəticə etibarı ilə əlil şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib. Bu mərhələdə xüsusi təhsil sahəsində köklü islahatların aparılması, əlilliyi olan uşaqların təhsilə cəlb olunması qaydalarının yenilənməsi, onların ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb edilməsi və inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi nəzərdə tutulub. Beləliklə, UNICEF-in birgə əməkdaşlığı çərçivəsində nazirliyin müvafiq əmri ilə 2015-2016-cı tədris ilindən "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrasına başlanılıb.

Layihənin Fəaliyyət Planına əsasən, pilot məktəblərin direktorları, eksperimental siniflərin müəllimləri, xüsusi təhsil mütəxəssisləri üçün Almaniyada inklüziv təhsil üzrə təlim səfəri təşkil edilib və Bakıda onlara Almaniyanın Oldenburq Universitetinin 4 nəfərdən ibarət professor heyəti tərəfindən ikihəftəlik təlim keçirilib.

Layihə çərçivəsində inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı tədbirlər dörd eksperimental məktəbdə (220, 138, 252 və 202 nömrəli məktəb) uğurla sınaqdan keçirilir. Dörd pilot məktəbdə ümumilikdə (1-4-cü siniflər üzrə) 54 nəfər sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunub.

Seçim prosesi üçün məktəblərin yerləşdiyi ərazidə yaşayan əlil uşaqların valideynlərinə xüsusi və inklüziv təhsil üzrə maarifləndirici seminarlar keçirilib, həmin məktəblərdə loqopedik xidmət yaradılıb. Sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkili məqsədilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" Azərbaycan Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib. Proqramın icrası ilə bağlı məsələlərin, hazırlanan sənəd layihələrinin, aparılan araşdırma və tədqiqatların nəticələrinin müzakirəsinin təşkili və müvafiq təkliflərin hazırlanması üçün İşçi Qrupu yaradılıb.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas inklüziv təhsil üzrə layihələr barədə fikirlərini bildirib, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsinin vacibliyini vurğulayıb.