Ən ziyanlı yağ təyin olunub ürək xəstəlikləri və piylənməyə səbəb olur


Digərləri 31 Yan 2019 22:05:00 310 0

Ən ziyanlı yağ təyin olunub  ürək xəstəlikləri və piylənməyə səbəb olur

Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaxın zamanlarda dərc olunacaq hesabatını hazırlamış ekspertlər belə nəticəyə gəliblər.

Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesilə müqayisə edirlər.

Bütün dünya boyu alimlərə, siyasətçilərə və həkimlərə palma yağı sənayesinə münasibəti dəyişmək məsləhət görülür.

Son.az BBC Azərbaycancaya istinadən hesabatın ilkin variantı ilə sizləri tanış edir.

Alkoqol, tütün və... palma yağı?

Palma yağı hazır yeməklərin və yarımfabrikatların hazırlanmasında ən geniş istifadə olunan yağdır. Buna səbəb bu yağın nisbətən ucuz olmasıdır.

Digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir - tərkibində doymuş yağların faizi nə qədər yüksək olarsa, bitki yağı o qədər daha az zərərli sayılır.

İstehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmaq üçün istehsalçılar xeyli səy göstərirlər.

Lakin ÜST hesabatı bu iddiaları təkzib edir.

Təşkilatın ekspertləri tərəfindən aparılmış təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər.

Həkimlər eləcə də şübhə etmirlər ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı "pis xolesterini" artırır.

ÜST hesabatının müəllifləri etiraf edirlər ki, bəzən elmi jurnallarda palma yağının zərərsizliyi və hətta sağlamlıq üçün faydası barədə məqalələr çıxır.

Lakin sənədin hazırlanması zamanı məlum olub ki, doqquz bu cür məqalədən dördünü Malayziya Kənd Təsərrüfatı Nazirliyinin bu sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları hazırlayıblar.