Quram Marxuliya: "Qarabağ müharibəsində iştirak etmiş erməni terrorçuya Gürcüstanda büst qoyulması xalqlarımıza qarşı təxribatdır"


Digərləri 26 Yan 2019 11:16:32 250 0

Quram Marxuliya: "Qarabağ müharibəsində iştirak etmiş erməni terrorçuya Gürcüstanda büst qoyulması xalqlarımıza qarşı təxribatdır"

Gürcüstan vətəndaşlarının digər ölkələrin işğal olunmuş ərazilərində döyüş əməliyyatlarında iştirakı yolverilməzdir. Eləcə də həmin insanların adlarının əbədiləşdirilməsi və onlara büst qoyulması həm yerli qanunlara, həm də beynəlxalq hüquqa ziddir.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, tarixçi alim Quram Marxuliya söyləyib.

Politoloq deyib: "Axalkaliki rayonunun Buğaşen kəndində anadan olmuş, bir müddət Abxaziyada yaşamış Gürcüstan vətəndaşı Mixael Avakyanın sonradan hansı yolla və hansı məqsədlə Ermənistana keçdiyi mənə məlum deyil. Amma Ermənistanın Abxaziya məsələsində gürcülərə, eləcə də, Dağlıq Qarabağda azərbaycanlılara qarşı hansı cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. Bu baxımdan da Mixael Avakyanın Dağlıq Qarabağda törətdiyi cinayətlər sirr deyil. Hesab edirəm ki, belə bir adama abidə qoymaq bizim xalqlarımıza qarşı təxribatdan başqa bir şey deyil".

Alimin sözlərinə görə, Gürcüstan hökuməti bu məsələyə ciddi yanaşmalıdır. Azərbaycan ilə Gürcüstan arasındakı dostluğa, qardaşlığa, strateji tərəfdaşlığa zərbə vuracaq heç bir addıma yol vermək olmaz. Nəzərə alınmalıdır ki, ermənilər bundan əvvəl də Cavaxetiyada kiməsə abidə ucaldıblar. Bunların heç birinin gürcü xalqı və Gürcüstan hökuməti qarşısında hər hansı xidməti olmayıb. M.Avakyan hətta Gürcüstan dövlətinin milli maraqlarına zidd olaraq bizə yaxın olan bir xalqa qarşı vuruşub. Nə üçün belə bir adama Gürcüstan ərazisində abidə qoyulmalıdır? Mən bunu anlaya bilmirəm.