Adil və onun iki intellekti


Digərləri 24 Yan 2019 22:09:00 235 0

Adil və onun iki intellekti

Son.az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir

Suvon (Suwon) Cənubi Koreyanın paytaxtı Seuldan 30 km cənubda yerləşir. Bu şəhəri məhşur qılan Samsung şirkətinin Mənzil Qərargahının burada yerləşməsidir. Samsung deyəndə ağla ilk olaraq mobil telefon gəlir. Ancag bu markanın adı ilə onlarla məişət avadanlığı, telekommunikasiya ciihazları da istehsal olunur. Şirkətin dünyanın 60-a yaxın ölkəsində 120-dən çox ofisi var ki, onlar da buradan idarə olunur. Ancaq bura həm də şirkətin beyni, ideya və innovasiyalar mərkəzidir. Dünyadakı bir çox texnoloji trendlər məhz bu mərkəzdə, burada çalışan gənc super-zəkalar tərəfindən hazırlanır. Bu uşaqlar sayəsində həyatımıza girən texnoloji yeniliklər bizə yaşamağı daha zövqlü və asan hala gətirir.

Adil Əliyev mənim gənc dostumdur. Atası və anası kimi o da BDU-nun "Tətbiqi Riyaziyyat"ını bitirib. Üç ildir ki, "Samsung Electronics"də Mobil Kommunikasiyalar Bölməsində aparıcı mühəndis (Mobil Communication Business, Senior Engineer) olaraq çalışır. Adilin Bakıdan Cənubi Koreyaya gedib çıxması təsadüfi deyil. Böyük şirkətlərdə İnsan Resursları Departamenti (HR) ən önəmli bölümlərdən biridir. Onların əsas vəzifəsi istedadlı universitet tələbələrini tapıb seçmək, şirkətlərinə qazandırmaqdır. İlon Maskın sağ əli, əfsanəvi Dolli Singh olmasaydı, SpaceX bu gün tarix yaza bilərdimi? "Samsung Electronics"in "Miss Dolli"si də Adili tapıb, onu Bakıdan Suvona dəvət edir. Ancaq iş bununla bitmir, Adili daha sonra 7 ay müxtəlif testlərə tabe tutur, intervyulara salırlar. Ən axırda da hələ bir təcrübə də keçir - İnsanı seçib, önünü açanda, gələcəyə hazirlayanda da belə edərlər, elə deyilmi?

SpaceX, Samsung, Apple, Google kimi dünya devləri işçi axtararkən ən çox A tipli özəllikləri olan mütəxəssis axtarırlar. Mayer Fridman və Rey Rozenman adlı amerikalı kardioloqların təsnifatına görə A tipli insanlar iddialı, yüksək statusa can atan, fəal, mütəşəkkil, intizamlı, narahat, səbrsiz, həlli çətin məsələlərdən çəkinməyən, dəqiq və başqalarından da dəqiqlik tələb edənlərdir. Adilin hansı tipə aid olduğunu istedadlı mütəxəssislər arayan "insan ovçularına" buraxıram. Və əgər ki, "Samsung" bir azərbaycanlı gənci seçibsə, onun zəkası haqda əlavə söz deməyə ehtiyac yoxdur.

Suvon İstanbuldan 6 saat irəlidədir. Buna baxmayaraq Adillə tez-tez zəngləşir, mesajlaşırıq. Bir müddətdir ki, düşüncələri onu Qərbə çəkir. Adil artıq süni intellektə yönəlmək istəyir, iddialarına şəkil vermək istəyir. Arabir mən də onu uzaqdan həvəsləndirir, dəstəkləyirəm. Müvəffəq olacağına inanıram, ancaq önəmli bir seçim etməlidir: karyerasına harda davam etməlidir, Amerika yoxsa Avropada?

Bu gün süni intellektlə ən çox Almaniya, Fransa və İngiltərədə məşğul olurlar. Güclü beyinlər buradakı elmi mərkəzlərə toplanıblar. Amerika da geri qalmır, orada bazar da böyükdür, elmi yenilikləri tətbiq etmək asandır, istehsalata tətbiq ediləcək ideyalar üçün investisiya tapmaq da problem deyil. Süni intellektin yeni cazibə mərkəzlərindən biri də Kanadadır. "Süni İntellekt Mafiyası" adlandırılan 3 böyük alim -  Yoshua Bengio, Yann Le Cun və Geoffrey Hinton Kanadada çalışırlar. Onlar 2015-ci ildə nüfuzlu "Nature" jurnalında "Deep Learning" adlı məqalə dərc ediblər (https://www.nature.com/articles/nature14539). Hazırda dünyanın bir çox süni intellekt mərkəzləri bu məqalədəki ideyaların üzərində çalışırlar - sürücüsüz maşınlar, google translate, xərçəngi diaqnostika edən cihazlar, insanın beynindən keçənləri oxuyan aparatlar və s.

Ölkə seçimini doğru etmək lazımdır, buna görə də başı qarışıqdır bir az Adilin...

* * *

Bir neçə gün əvvəl Adil "Ay Tanrısı Çanye" adlı məqaləmi (http://ayna.az/2019/ay-tanrisi-canye/) oxuduğunu yazdı mənə. Çinlilərin tarixdə ilk dəfə olaraq Ayın Cənub qütbünə (Qaranlıq tərəfinə)  "Chang'e 4" zondunu endirmələrini böyük hadisə adlandırıb, məqalədəki bir məqamın gözündən qaçmadığını söylədi. Məqalədə Çin mifologiyasında Hou İ adlı bir cəngavərin xalqını quraqlıqdan xilas etdiyi üçün İmperator tərəfindən ölümsüzlük eliksiri ilə mükafatlandırılmasından yazmışdım. Və Adil mənə baxın nə sual verdi: "Nə üçün Şərq nağıl və əfsanələrində padşahlar zalım və əzazil, Çin və Koreyada isə mərhəmətli, əliaçıq və mistik qüvvəyə malikdirlər?". Nə cavab verəcəyimi düşünürdüm ki, macal verməyib davam etdi:

"Bir gün koreyalılarla söhbətdə Kral Seconqun adını çəkdim, mənə irad tutdular ki, o böyük adamdır, onu adı ilə çağırmaq olmaz, ona Seconq Deuanq (Ulu Seconq və ya Böyük Seconq) demək lazımdır. O zaman çox əhəmiyyət vermədim, amma sonra hər dəfə Koreya və Çin əfsanələri oxuyanda gördüm ki, onlar öz rəhbərləri haqqında əsasən müsbət şeylər yazırlar. Onlar əfsanə və nağıllarda mistik gücə sahib olur, xalqa xidmət edir, yaxşı əməlləri ilə ad çıxarırlar".

Həqiqətən də bizim nağıl və dastanlarımızda padşahlar zalım, vəzirlər hiyləgərdirlər. Sovetin dağılması ilə ölkənin yarısı bircə andaca "şah", "xan", "bəy" və "zadə" oldular. Bunlar o adamlardırlar ki, ağaları, bəyləri qırdılar, "donos" yazıb tutdurdular, axırına çatdılar, sonra gəlib "ağa, bəy" oldular. Qul qafası və qul təfəkküründən qurtulmadan yerindən duran Bəy oldu. Natamamlıq kompleksi pis şeydi, adamı yoldan çıxarır, məsələn, ana dilindən üz döndərtdirir, Stokholm sindromuna yoluxdurur və s. Belələri bacarsalar "fəmillərinin" qabağına Qraf, Knyaz da yazdırarlar - "Utanmasan oynamağa nə var ki?". Bu qədər çox marazm görəndə natamamlıq kompleksinin sanki bizim üçün yaradıldığını düşünür insan istər-istəməz.