Amazon İT xərclərinə görə liderdir


Digərləri 24 Yan 2019 08:15:00 268 0

Amazon İT xərclərinə görə liderdir

Şirkətlər arasında informasiya texnologiyalarına (İT) hamıdan çox investisiya "Amazon" tərəfindən yatırılır. Bu barədə "The Wall Street Journal" qəzeti "IDC" analitik şirkətinə istinadən məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkət analitiklərinin hesablamalarına görə, "Amazon" şirkətinin 2018-ci ildə İT avadanlığı, proqram təminatı, İT və telekommunikasiya servisləri, eləcə də İT işçi heyəti üçün ümumi xərcləri 13,6 milyard dolları ötüb.  

Bu xərclərə görə ikinci yeri "Google" şirkətinin əsasında yaradılan "Alphabet" holdinqi tutub. Holdinq təxminən 12 milyard dollar sərf edib ki, bu da onun yaxın izləyicisi - dünyanın nəhəng pərakəndə satış şəbəkəsi "Walmart"dan xeyli çoxdur.  

Bildirilir ki, "Amazon" şirkətinin İT büdcəsinə görə liderliyi "bulud" biznesinin inkişafı üçün fəaliyyət göstərən data mərkəzlərinin genişləndirilməsinə və yenilərinin inşasına investisiya qoyuluşu ilə əlaqədardır.

"IDC" şirkətinin analitiki Devid Lantsman qeyd edib ki, data mərkəzləri üçün server və digər infrastruktura İT xərclərinin böyük hissəsi "Amazon" və "Google" şirkətlərinin payına düşür. Bu isə onların biznes sahəsinə İT büdcəsini azaltmağa kömək edən "bulud" servisləri satması ilə izah olunur.