Min dərdin dərmanı


Digərləri 23 Yan 2019 23:57:00 343 0

Min dərdin dərmanı

Hələ qədim zamanlarda soğan həm ərzaq məhsulu, həm də dərman vasitəsi kimi istifadə olunub. Enerji, güc və cəsarət verən tərəvəz kimi onu döyüşçülərin qidasına əlavə ediblər. Bir sıra xəstəliklərin müalicəsində soğanı tətbiq edən böyük loğman İbn Sina onun haqqında yazıb: "Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müasir tibb soğanın faydalı təsirlərinin səbəbini aşkar edib. Soğanın təsir xüsusiyyətlərinin əksər hissəsi onun tərkibində olan fitonsidlərlə əlaqədardır. Uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyalara, həmçinin göbələk və ibtidailərə də antimikrob təsiri göstərir.

Soğanın təzadlı təsir xüsusiyyətləri var: az yeyiləndə salatların içində ağız qoxusunu aparır, çox yeyiləndə isə xoşagəlməz qoxu yaradır. Az yeyəndə iştaha gətirir, çox yeyiləndə iştahakəsici təsir göstərir. Onun daha bir xüsusiyyəti damar mənfəzini genişləndirməsidir. Kapilyar damarlarda onun təsiri xüsusilə özünü daha tez göstərir. Ona görə də soğan dərinin qidalanması üçün çox faydalı, bütün dəri xəstəliklərinə şəfaverici təsir göstərir.

Qida zamanı ondan bol istifadə edənlərdə sellülit, çiban, komedon səpgilər, damarların varikoz genişlənməsi, dəri çatlamaları kimi hallar demək olar ki, müşahidə olunmur. Sağalmayan və ya gec sağalan furunkul və çibanlar zamanı bişmiş soğanım çiban nahiyəsinə qoyulması və yeyilməsi tövsiyə edilir. Onun tərkibində olan antibakterial maddələr furunkulun sağalmasını sürətləndirir və yenidən əmələ gəlməsinin qarşısını alır.

Bronxial astma xəstələrinin soğan yeməsi tənəffüsün yaxşılaşmasına səbəb olur. Hər gün qidada soğandan istifadə edilməsi həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır.

Qrip, haymorit və frontit kimi xəstəliklərdə buruna soğan suyu tökülür. 1 ədəd əzilmiş soğan yarım çay qaşığı soda ilə qarışdırılıb saç diblərinə sürüləndə yatmış folikulların oyanmasına və yeni saçların çıxmasına səbəb olur. Qulaqda iltihab, ağrı və küy olanda gündə iki dəfə soğan suyu tökmək məsləhətdir.